Xuraman Hüseyn: - “Azad oldun, Qarabağ” silsiləsindən  ŞEİRLƏR

Ədəbiyyat 10:14 / 04.11.2023 Baxış sayı: 8586

“Azad oldun, Qarabağ” silsiləsindən

Yenə günəş doğdu...

Səni əlimizdən almışdı düşmən,
İgid oğulların dözmədi daha.
Sarılıb silaha aldılar səni,
Ümid etmədilər zülmət sabaha.

Kəlbəcər, Qubadlı qərq oldu qəmə,
Şuşanı, Ağdamı biz itirən gün.
Qaldıq Xocalısız, qaldıq Laçınsız,
Ümid də ölmüşdü xalqımız üçün.    

İgid oğulların qəhrəmanlığı
Ölən ümidlərə can verir indi.
Yenə günəş doğdu göylərimizdə,  
Ümidsiz yaşamaq yaman çətindi...


Bilirik, darıxırdın

Səni işğal etdilər,
aldılar əlimizdən,
bizsiz qaldın Qarabağımız...
Bilirik, darıxırdın
bizdən ötrü,
ayaq izlərimizdən ötrü
daş küçələrin, dağların, dərələrin, meşələrin, yaylaqların
darıxırdı,
əl izlərimizdən ötrü otların, çiçəklərin,
xarı bülbülün...
Topxana meşəsindən
Cıdır düzünə çəkilən asma körpüdən
asa bilmədilər ümidlərimizi...
Yenə bizim oldun,
yenə ayaq izlərimiz qalacaq sinəndə,
ümidimiz igid oğullara,
Ali Baş Komandana idi,
onlar xilas etdi səni,
azad oldun, Qarabağ!


Suqovuşan yüksəkliyi

Suqovuşan yüksəkliyi,
Səni də aldı igidlər.
Qovuşmuşuq artıq sənə,
Qələbə çaldı igidlər.

Yüksəkliklər alındıqca
İgid oğullar yüksəldi.
Qələbəni bayram edən
Xalq sənə salama gəldi.

Daha ağlamayacağıq,
Dərdimiz qaldı dünəndə.
Gözümüzdə yaşa dönən
Sular qovuşacaq səndə.


Torpaq unudularmı?

Əsirlikdən xilas oldu torpaqlarımız
danışardılar dilləri olsaydı
bizim üçün necə darıxdıqlarını
deyərdilər,
gördükləri haqsızlıqlardan
söz açardılar.
Yenə bizə dönməyin
sevincini bölüşərdilər...
Onları unutmadığımızı deyərdik biz də
torpaq unudularmı,
Vətən yaddan çıxarmı?
O günlər də geridə qaldı,
yenə o yerlər bizə doğma oldu...


Şəhid ruhları
    
Baxın işğaldan azad olunan torpaqlara,
baxın yurd-yuvasından didərgin düşənlərin
göz yaşlarına, 
şad olun, şəhid ruhları!
Sizə görə kədərlənirik,
torpaqlarımıza baxıb sevinirik, şəhid ruhları...
Bu sevinci bizə siz bəxş etdiniz!..
Dünya durduqca yaşayacaqsınız,
yeriniz cənnətdir, bilirik,
Qarabağ da cənnətdir
bizə bu dünyada o cənnəti bəxş etdiniz
əziz şəhidlərimizin ruhları...


Gözləriniz aydın olsun!

Yurd-yuvasından didərgin düşənlər,
doğma yurdunuza,
evinizə, isti ocağınıza döndünüz,
gözləriniz aydın olsun!
İşıqlar yandı evinizdə,
daha sönməyəcək ocağınız.
Qaldığı yerdən davam edəcək həyat
bəlkə də daha maraqlı,
daha gözəl...
Bu da bir ömür idi, yaşadınız,
həyat çətinlikləri ilə    
sizi çəkdi sınağa.
Siz bu sınaqdan
alnıaçıq, üzüağ çıxdınız
doğma yurdunuz da sizi gözləyirdi...


Bayrağımız da sevinir...    

Yurdu işğal olunanlar üçün
qələbə xəbəri eşitməkdən gözəl nə var?
İgid oğullar yaşatdı
xalqa o sevinci.
Sevin, ey Azərbaycan!
sevin, ey xalq!
Bu günlərin həsrətini
çox çəkmisən.
Azad olunan yerlərdə
dalğalandıqca
bayrağımız da sevinir.
Sevin, ey üçrəngli bayrağımız!
Sənə dalğalanmaq çox yaraşır
bizə sevinc yaraşan kimi...

    
“Xudayar təsnifi”

Gülümsər çöhrəylə, şirin səs ilə
“Vətən nəğməsi”ni oxudu, getdi.
 İgidlik göstərdi o, həvəs ilə,
Nəğmədən bir çələng toxudu, getdi.

Getdi qorxmayaraq düşmən üstünə,
Getdi Vətənini geri almağa.
Xalqı çıxsın deyə günəşli günə
Getdi Vətən üçün şəhid olmağa.

Nə qədər çıraqlar yanarkən söndü,
Aldılar düşməndən əsir diyarı.
“Xudayar təsnifi” tarixə döndü,
Yaşatdı o igid, mərd Xudayarı.


Qırx dörd gün

Otuz ilə yaxın vaxt keçdi,
bələnib göz yaşımıza,
bürünüb kədərimizə
dözdük...
Qırx dörd günlük müharibə
tarixi qələbə bəxş etdi bizə
birləşdik,
bir olduq
Vətən müharibəsi ilə
aldıq Qarabağı.

İllərdir kükrəyən vətən sevgimiz,
daşan səbrimiz
Qırx dörd günə azad etdi
o yurdu.

Tarixə yazıldı
şəhidlərin qanı,
qazilərin yaralı canı ilə
Qarabağı
düşməndən azad edən
Vətən müharibəsi.

Otuz ilə yaxın
gözlədik səni,
Qarabağ.
Kədərdə boğulduq,
dərddə batdıq büsbütün,
Şükür ki, sən gəldin
möhtəşəm
Qırx dörd gün...       


Xarı bülbül
    
Əsir düşən xarı bülbül,
Biz Şuşada dərdik səni.
Şuşa qürbətə dönəndən
Şəkillərdə gördük səni.

Dərdlər gəldi dərd üstünə,
Biz səndən doya bilmədik.
Əlimiz çatmadı sənə,
Dərdini duya bilmədik.

Şəninə nəğmə yazıldı-
Təsəllini tapdıq səndə.
Bu illərdə necə dözdün
Əsir düşən o vətəndə?

Düşmən solunda, sağında,
Zaman ötür, vaxt tələsir...
Bitmədin “Vətən bağı”nda,
Öz yurdunda düşdün əsir.

Yadımızdan çıxmadın sən,
Gəldik gecədən  gündüzə. 
Şükür, azad oldu vətən,
Zəfəri gətirdin bizə!

Xilas oldun əsirlikdən,
Düşmən əlində qalmadın.
Azad oldu əsir vətən,
Xarı bülbül, xar olmadın!


Unut bu vətəni...

Nə qədər igidlər canından keçib,
Olub bu vətənə, bu yurda dayaq.
İgid oğulların qanını içib
Sənin taladığın bu gözəl torpaq.

O qan “unut” deyir, unut bu yurdu, 
Unut bu vətəni, ey yağı düşmən!
Bu yurdu qoruyur güclü bir ordu,
Sən məğlub olandan bunu bilirsən.

Bu vətən qayıdıb öz yiyəsinə,
Bu yurd xilas olub sənin əlindən.
Zülmət gecələrdən çıxıb ağ günə,
Hələ də yuxudan ayılmadın sən?
    
    
Dəmir Yumruq

Neçə ildir xalqın nələr çəkmədi?
Gözün aydın olsun sənin, ey Vətən!
Heç kimsəyə gözlərini dikmədi,
Azərbaycan, mübarəkdir qələbən!

Birləşdilər bu xalq ilə bu ordu,
Dəmir Yumruq dedi öz son sözünü.
Ər oğullar xilas etdi bu yurdu,
Qoymadı heç düşmən açsın gözünü.

Vətən dərdi qaldı daha keçmişdə,
Vətən, ordu-indi hamı bir eldir.
Yumruq kimi bir olduq bu döyüşdə,
Birləşib bir olmaq necə gözəldir?!


8 maydan 8 noyabra...

28 il əvvəl işğal olundu Şuşa
mayın 8-də,
noyabrın 8-də isə
azad edildi...
O 8 maydan sonra nələr dəyişdi həyatında,
əziz Şuşa?
Nə günlərə qoydu səni
mənfur düşmən?
Daha bizimsən,
Qayıtdın öz sahiblərinə,
əziz Şuşa!
Daha xarı bülbüllərin sevinə-sevinə
açacaq çiçək,
daha Cıdır düzü düşmənlərin
yallı getməsinə şahidlik etməyəcək.

Sevin, əziz Şuşa, sevin,
Hər 8 may günü yaşadığımız
ağrı-acını bizə
8 noyabr günü unutduracaq:
Sən dirçələcək,
gözəlləşəcəksən,
qələbə həmişə bizimlə,
gözəl günlər səninlə olacaq.
Ağlımıza gəlməyənlər gəldi başımıza,
daha heç nə olmayacaq bizim gözəl
Şuşamıza...


Bülbüllər gələndə

Bülbüllər də gəldi Şuşaya,
Cıdır düzündə
onlar da oxuyur indi...
Nəğmə
nəğməyə qarışacaq
musiqimizin beşiyində.
Ən gözəl günləri
bundan sonra görəcək Şuşa,
xarı bülbülləri,
 sarı bülbülləri ilə dönəcək cənnətə...

Nə qədər ki dünya var,
gözəlliklər var,
sən varsan.
Səninlə görəcəyik cənnəti, gözəl Şuşa,
xarı bülbülləri, sarı bülbülləri ilə
Vətənin bağları yenə al-əlvandır...
Gözəl cənnətimiz,
xoş gəlib xarı bülbüllərin...


Qan yerdə qalmayanda...

Əlin Xocalıda qana batdı,
qırdın Meşəlidə
Xan çinarları, körpə fidanları.
Həyatını şam kimi söndürdün
günahsız insanların.
Qan örtmüş gözlərin
cənnət Laçında açıldı
cəhənnəm qapısı kimi.
Yerdə qalmadı
günahsızın qanı...

Gördünmü Laçının
uca dağlarını, ey iblis?
Bu yurdun o dağlar kimi
oğulları var.
Onlar sənin kimi təpələrin tozunu
göyə sovuracaqlar.

Qırdığınız günahsız insanların
ruhları qarşısında
cavab verəcəksiniz.
Gözlərinizdəki qorxunu
örtə bilməyəcəksiniz
Haqq, ədalət yurdunun qapısını
örtə bilmədiyiniz kimi.


Tarix yaşadacaq sizi
    
Yurdumuz əsir düşəndə
uşaq idiniz, 
Vətənin nə demək olduğunu 
tək şeirlərdə, nağıllarda, cizgi filmlərində yox,
çadır şəhərciklərində, vaqonlarda böyüyərkən
öyrənənləriniz də oldu...
“Qaçqın” dedilər, “didərgin” dedilər sizə,
Vətən dərdi böyüdü qəlbinizdə
və sizi də böyütdü
öz ağrısı, acısı ilə...

Böyüdünüz və Vətəni aldınız düşməndən
“Vətən müharibəsi” dedik o savaşınıza,
inqilabınıza,
“Zəfər günü” dedik o qələbənizə.
Şəhidlər də oldu,
qazilər də aranızda,
qanınızla aldınız əsir düşən yurdumuzu,
o qan ilə çiçəklənəcək o torpaqlar...

Adınız yazıldı tarixə,
tarix yaşadacaq sizi,
nəsillər qeyd edəcək 
o möhtəşəm qələbənizi!..

    
Hilal da, günəş də...

Siz heç vaxt qurd ürəyi yeyə bilməzdiniz
qorxaq namərdlər.
İndi
ay-ulduzlu bayrağımız
dalğalanır
boylana-boylana qaldığınız
Cənnət Qarabağda.
Hilal da, günəş də
zülmətə dönən həyatımızı
nura qərq edərək
bərq vurur göylərimizdə.
Baxa bilməyəcəksiniz
onlara,
gözləriniz qamaşacaq.
Tapdanan haqqımızın
hesabını verəcəyiniz
bağlı qapılar arxasında
həsrət qalacaqsınız
işığa, nura.
  

Sualdan nidaya

İgid oğulların vətən sevgisi
yağış kimi yağdı,
təmizlədi yurdumuzu
düşmən izindən.
Döndü bulaq suyuna,
yudu Qarabağı,
tərtəmiz etdi Xankəndini.

İllərdir, ümid dolu suallar
yormuşdu bizi:
Görəsən bu həsrət bitəcəkmi?
“Qarabağ Azərbaycandır”
sözlərindən sonra
nida işarəsi ox kimi sancıldı
düşmənin bağrına.
Zəfərimiz tarixə döndü,
Zülmət düşüncəli hər kəsə
həyatı başa saldı,
onların da sonunun
belə olacağını dedi.

Xankəndiyə
üçrəngli bayrağımız
sancılan gün
düşmənin qara fikirləri
göy üzündəki
qara buludlara döndü.
İndi günəş
nura qərq edir
gözəl Xankəndini...


Ağ bayraq    

Həyatın qara iynəsinin
gözündən keçirdiniz bizi,
zülmətə döndərdiniz günlərimizi,
məğlub olub
ağ bayraq qaldırdınız axırda.
Gələcək ağ günlərimiz
rəngdə olan 
bayrağınız
təslim olduğunuzu göstərdi.
Məğlub olacağınızı bilmirdinizmi,
ey namərdlər?
O ağ bayrağınız
qara niyyətinizin əksidir.
Gedin,
bürünün ağ bayrağa,
Qara düşüncələrinizin,
qapqara günlərinizin
üstünü örtün
kim olduğunuzu göstərən
o ağ bayraqla.