Xatirə Fərəcli : -HƏYAT SEVGİSİ DƏ BOŞ

Alışdıq ölümə də,
Adiləşdi hər gediş.
Yansın belə alışmaq,
Od tutsun belə gərdiş.
Eşqlər, vədlər quru söz,
Münasibətlər naxoş,
Bütün sevgilər kimi,
Həyat sevgisi də boş.
Həyat elə özü də
Sevinc donlu möhnətdir,
Ömür deyilən nəsnə
Bapbalaca möhlətdir.
Çarəsizcə çarpışıb
Dilək qoyub gedirik,
Tərk edilib, tərk edib
Ürək qoyub gedirik.