Sevinc Qərib : - ANA OLURAM MİSRALARIMA

Ədəbiyyat 21:14 / 08.04.2025 Baxış sayı: 1188

 

Yollar çox yordu məni,

and içdim ayaqlarıma

daha qəmə bulaşdırmayacam

izlərimi.

Köçürəm kədərin mülkündən,

bir sevinc daxması tikdim ruhuma.

Qollarımı boşluq zindanından

azad edirəm,

qucaqlayıram özümü.

Ölməkmi?

Nə ölməsi, yaşamaq lazım, yaşamaq!

Ulduzların öpüşünü

təbəssüm edirəm dodaqlarıma,

bu gecə ay da eşqlə baxır gözümə,

göy üzü ritmini tutur xoşbəxtliyin.

Bəyaz gəlinlik geyinir hisslərim,

diyğularımdan sevgi doğulur,

bətni sevinir ruhumun,

ana oluram misralarıma...