Elman Eldaroğlu : - Ana dilində rusdilli bakılı sayağı danışan xalq yazıçısı...

Hər dəfə onu görəndə Ceki Can yadıma düşür. Yəni o mənə Ceki Canı xatırladır. Ceki Can ondan düz beş il qabaq, eyni gündə Honkonqda dünyaya gəlib, amma o, heç də Ceki Candan geri qalmır, necə deyərlər, ikisi də məşhuri cahandırlar. Doğrudur, Ceki Canı əlləri, ayaqları, cəldliyi, döyüşkənliyi məşhurlaşdırıb, onu isə əsərləri aləmə tanıtdırıb. Ancaq Ceki Can öz ana dilində səlis danışa bilsə də, o, Azərbaycan dilində fikrlərini ədəbi dildə deyil, Bakı ləhcəsi ilə ifadə edir. Üzdə olan beş-on məşhur azərbaycanlıdan biridir ki, bunu ona heç kim irad tutmur. Hamı başa düşür ki, həqiqətin məxsus olduğu dil və ləhcə yoxdur, hansı dildə, hansı ləhcə ilə desən, həqiqət elə həqiqətdir…
Deyir ki:- “Mənim anam bakılı olduğundan, mən də Bakı ləhcəsinə alışmışam. Bakı ləhcəsində danışmağım təbiidir. Bunda elə bir nöqsan görmürəm. İndi nə edək, mən də belə danışıram. Nizami Gəncəvinin İtaliyada abidəsi qoyuldu. O zaman iranlılar etiraz etdilər ki, Nizami Gəncəvi fars şairidir. Biz isə abidənin üstünə italyan dilində yazmışıq ki, Azərbaycan şairi Nizami Gəncəvi. Yəni, Nizami Gəncəvi fars dilində, İsmayıl bəy Qutqaşınlı fransız dilində, Maqsud İbrahimbəyov, Çingiz Aytmatov, Oljas Süleymenov, Fazil Abduloviç İsgəndər, Vasil Bıkov rus dilində yazıblar. O zaman belə çıxır ki, onlar öz ölkələrinin yazıçıları deyillər?! Bu, gülməli səslənir. İnsan özü bilir ki, hansı dinə, millətə məxsusdur. Manqurt obrazı yaratmış Çingiz Aytmatova irad tutmaq olardı ki, siz rus dilində yazırsınız, rus yazıçısısınız? Xeyr! Mən müharibə vaxtı 8 dəfə Rusiyada çıxış etmişəm. İndi mənə necə demək olar ki, rus yazıçısıdır?! Rus yazıçısı Azərbaycanı müdafiə edərmi?! 1990-cı ildə yaşanan 20 Yanvar faciəsi haqqında rus dilində rus ordusunun, sovet ordusunun əleyhinə “Qara Yanvar” adlı kitab yazmışam. Məgər bunu rus yazıçısı yazardımı?!”
O, 1959-cu ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 189 nömrəli məktəbdə bitirib. Sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlasa da, bir müddət sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP-nin Qaradağ rayonu üzrə təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1988-ci ildə hüquq elmləri namizədi, 1991-ci ildə isə hüquq elmləri doktoru elmi dərəcələrinə yiyələnib. 1989-cu ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir. Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" və "Şöhrət" ordenlərnə layiq görülüb...
Hansı dildə, hansı ləhcədə danışsa da əsl ziyalıdır. Gördüklərini dilə gətirməkdən çəkinmir. Amma arada susur. Yəqin ki, nələrisə itirmək istəmir. Avropa, Asiya və eləcə də Amerikada da onu tanıyanlar var...
Onun da hamı kimi adı var- Çingiz! Soyadı isə Abdullayevdir. Bəli, Ceki Candan beş il sonra dünyaya gəlib. Biri filmlərdə yaratdığı obrazlara, o biri isə ərsəyə gətirdiyi əsərlərə görə sevilir...
Aprelin 7-si Ceki Canın 71, iki yüzdən çox kitabın müəllifi olan xalq yazıçısı Çingiz Abdullayevin isə 66 yaşları tamam olur. Hər ikisini də ad günləri münasibətilə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.