Fərhad Tapdıqoğlu : - Ata

(hekayə)
Keçən əsrin yetmişinci illəri idi. Təcili yardım stansiyasının erməni qarışıq rus millətindən olan həkimi 3 yaşlı Leylanın qızdırmasını ölçüb dedi:
-- 40.Neçə gündür uşaq xəstədir?
Leylanın anası:
--Həkim 3 - cü gündür . Boğazından bir qaşıq su da keçmir
Rus həkim:
-- Siz nə danışırsınız ? Uşağı geyindirin ,təcili xəstəxanaya aparmaq lazımdır.
Leyla bu gənc ailənin ilk və hələlik yeganə övladı idi.
Xəstələnmiş Leylanın yanına gələn qonşu qadın uşağın ata- anasını mətbəxə çağırıb ,dedi:
-- Siz qorxmayın,heç nə olmaz.Bu həkimi mən yaxşı tanıyıram. O qədər də yaxşı həkim deyildir..Həm də azərbaycanlıları sevmir nədənsə . Xəstəxanaya aparsalar uzun müddət yatızdıracaqlar. Aparmayın.
Ata həkimə yaxınlşıb:
-- Siz resept yazın.Evdə müalicə edək.
Rus həkim:
-- Siz nə danışırsınız? Uşağı xəstəxanaya aparmasanız bu gün öləcək.
Həkimin son sözlərini eşidən ata yüksək səslə:
-- Aparmayacam- dedi.
Həkim bir blank çıxardıb ,orda olan yazını göstərdi:
--"Mən stasionar müalicədən
imtina edirəm".Onda bura qol çəkin.
Ata blanka qol çəkdi...gözlərindən iki damla yaş gəldi.
Həkimin sözləri qulağında səslənirdi:
" Xəstəxanaya aparmasanız uşaq öləcək."
Qonşu qadın təcili yardım həkimi gedəndən sonra gənc ailəyə dedi:
- Bir az keçi piyi lazımdır.Keçi piyi ilə uşağı ovxalasanız ,tərləyər ,sağalar.
Ata xatırladı ki,bir qohumu onlarda keçi piyinin olduğunu demişdi.
Ata dərhal həyətə düşüb taksi saxlatdı ,qəsəbədən otuz kilometrə qədər məsafədə yaşayan qohumu gilə sürməyi xahiş etdi.
Həkimin səsi yenidən qulağında səsləndi:
"Uşağı xəstəxanaya aparmasanız bu gecə öləcək.."
Leyla ona atalıq statusu vermişdi.Leyla onun evinin Günəşi idi.Leyla onun canı idi.Leyla onun sevinci idi.Leyla onun xoşbəxtliyi idi.Leyla onun həyatı idi.
Ata öz- özünə nəsə pıçıldayaraq, birdən qışqırdı:
" Yoox,mənim Leylam ölə bilməz.Yooox..."
Ahıl yaşlı sürücü məsələdən agah oldu və ataya səbirli olmağı məsləhət gördü:
-- Oğlum ,sakit ol,səbirli ol.Səbir ağlın xəzinəsidir.Başa düşürəm səni.İnşallah hər şey yaxşı olacaq.
....Ata qohumları gildən keçi piyini götürdü və kolxoz bazarına gedib,bir neçə nar aldı.May ayının əvvəli olduğundan nar tapmaq da müşkül iş idi.
Balasının yanında əyləşib onun kürəyini keçi piyi ilə ova- ova ağlayırdı ata:
" Mənim balam ,sən yaşayacaqsan,mütləq yaşayacaqsan. "
Leyla isə qızdırma içində yanırdı.
Atanın da ,ananın da gözlərindən axan yaş dayanmırdı. Təxminən bir saatdan sonra Leylanın alnında iki tər damcısı göründü.
Ata narları sıxıb şirəsini stəkana süzdü.Çay qaşığı ilə bir neçə damcını uşağın boğazına tökdü.Leyla şirəni uddu. Bu üç gün ərzində Leylanın boğazından keçən ilk damcılar idi.
Ata bir sutkaya yaxın ciyərparasının çarpayısının yanında dayanıb ,onu azacıq fasilələrlə ovurdu. Ovduqca Leyla daha çox tərləyir, ana isə ona nar şirəsi içirdirdi.
Nəhayət Leyla:
--Ata -- dedi.
Ata ağlaya - ağlaya Leylanı köksünə sıxdı,öpməyə başladı:
-- Evimizin ən gözəl ətri Leylam mənim..
Leyla ard- arda "ata" deyərək, qollarını atasının boynuna keçirdi.Atanın boynuna dolanan qollar dünyada ən bahalı zinət əşyası idi.Leylanın səsi, ən gözəl müsiqi olan uşaq səsi bu ailədə yenidən eşidildi..