Lilpar Cəmşidqızı : Səri bəhrində qoşma tipli şeir

Ədəbiyyat 08:56 / 08.04.2025 Baxış sayı: 1360

 

Qəlbi sınıq bir çiçəyəm, kövrəyəm,

Gəldi bahar ömrümə rüzgar kimi.

Vüslətimin qönçəsi görmüş xəzan,

Düyməsi var həsrətimin xar kimi.

 

Sevgi- məhəbbət dil açıb ağlayır,

Mən açıram, bəxtimi yar bağlayır.

Atəş olub köksümü pardaqlayır,

Məhşərəcən yandıracaq nar kimi.

 

Dərdi dilim mahnı bilib bəstələr,

Ömrü fələk göydə yığıb dəstələr,

Çarə tapar eşqə düşən xəstələr,

Qoy bu könül sızlamasın tar kimi.

 

Hər sözümün üstünə, yar, getmisən,

Tanrı yazıb, sən də əməl etmisən,

Gör nə qədər, yar, məni incitmisən,

Tellərimin rəngi olub qar kimi.

 

Ey Yaradan, bəxti alıb gözlədim,

İzlə dedin, ömrü hədər izlədim,

Sən yazanın hansı birin gizlədim,

Gözləyirəm mən yenə Lilpar kimi