Qəşəm Nəcəfzadə : - Toz

Gözəl-gözəl sözlər tozuymuş tamam
Gəlin çiçək qoyaq tozun üstünə.
Bəlkə də çiçəkmiş tozun özü də
Qoyulub hər gözəl sözün üstünə.
Çoxu az elədim, mən aza endim,
Yüz sözdən qeyb olub bir sözə endim.
İlahi, bu səhər Namaza endim,
Çəkdim yer kürəsin dizim üstünə.
Can qoydum hər sözü mən ələ aldım
Yerə qoymadım ki, könlümə aldım
Sənin ayağının tozuymuş sandım
Tozu öpüb qoydum gözüm üstünə.