Nüsrət Kəsəmənli: - Sən gərək özünü tanıtmayaydın...

Ədəbiyyat 10:12 / 02.04.2025 Baxış sayı: 1176

Sən gərək özünü tanıtmayaydın,

Mənə bu üzünü tanıtmayaydın.

Yenə də həyatı səndən umaydım,

Elə biləydim ki, dünyada təksən.

İllərin ömrümdən apardığını

Elə biləydim ki, gətirəcəksən.

Sənə baxa-baxa sənin üzündə

Görünür özgəni sevmişəm onda.

Hər titrək sözümü sənin gözündə

Yəqin özgəsinə demişəm onda.

Hissin xumarında yumub gözünü

Onda məhəbbətim yuxulu imiş.

Sonradan oyanıb,

onda bilib ki,

Suyun lal axanı qorxulu imiş;

Sən gərək özünü tanıtmayaydın

Sadəlövh qəlbimdən,

məhəbbətimdən,

Keçdiyim yollardan utanıram mən;

Yuxulu gözümdən ağrılar keçir,

Yanımdan sevgisi doğrular keçir,

Səndən yox,

onlardan utanıram mən...

Sən gərək özünü tanıtmayaydın,

Mənə bu üzünü tanıtmayaydın..

Sən gərək özunü tanıtmayaydın...