Vasif Süleyman : - YÜZ İL YAŞAMAQNAN ÇATMAQ OLMAYIR

Ədəbiyyat 10:08 / 11.11.2024 Baxış sayı: 1097

 

Bizdən üz çevirən, üz çevir bəri,

Ömrü səndən umduq, qisməti haqdan.

Ağlara qalaydı qara günləri,

Nə ölüb qurtarır, nə yaşamaqnan.

 

Bu boyda dünyada onsuz da təksən,

Olsan da xoş günlə yanaşı belə.

Başdaşı alınır hayana çəksən,

Üst-üstə qoyanda beş daşı belə.

 

Daşlara dəyməyin, qəribdi onlar,

Daşlar bir-birini görübmü, görən…

Torpağın üstündə qərib olanlar,

Torpağın altında qəribmi, görən…

 

Ürəyin yüyürür, gözlərin axır,

Torpağı bir ovuc atdığın yerə.

Yüz il yaşamaqnan çatmaq olmayır,

Bir dəfə ölməknən çatdığın yerə.