Aida Adıgözəl : - Nə yaxşı unudub getmisən məni...

Ədəbiyyat 08:05 / 07.01.2025 Baxış sayı: 516

Nə yaxşı unudub getmisən məni,

nə yaxşı, çıxmışam yadından sənin.

Nə yaxşı, ayrılıq girdi araya,

nə yaxşı olanlar böyütdü məni.

 

İndi saat-saat sənsiz qocalıb,

indi həftə-həftə yaşa doluram,

indi hövsələm də, səbrim də artıb,

indi aram-aram adam oluram.

 

İndi anlayıram yetimliyimi,

indi anlayıram nəyimsən, kimsən.

İndi anlayıram süfrədə duzum,

indi anlayıram əziz tikəmsən.

 

Nə yaxşı sətirlər "poz məni"- desə

nə yaxşı, əllərim sözümdən çıxmır.

Nə yaxşı dodağım "unut" - söyləsə

nə yaxşı, ürəyim sözümə baxmır...