İLK SEVGİ, SON ARZU - Süleyman Abdulla

Ədəbiyyat 13:00 / 07.01.2025 Baxış sayı: 497

 

Çoxdan tərk edilmiş daxmadı qəlbim,

Barısı barlamış, himi dağınıq.

Çölü xarabazar qalaya bənzər,

İçi qarət olmuş kimi dağınıq.

 

Göy üzü görünür uçuq damından,

Çürük çatqıları bulud saxlamaz.

Baxıb qayğılanmaz çat sütunları,

Yağışa düşəndə səssiz ağlamaz...

 

Küləyin səsindən xoflanar həyət,

Kimin kölgəsidir sınıq qapıda?

Üzünə dirənər yol da adamın,

Dizinə dayanar ayaqqabı da.

 

Indi başqa cürdür ürək ağrısı,

Bir yanı umudur, bir yanı küsü.

Bir də and içərsəm gözüm ağarsın,

Qaçıb bərəkətin, çörək kürsüsü...

 

Çoxdan lasa yatmır yonca tayası,

İtib itiləyən çapanı əyri?

Hardadı "girzavoy" çəkmənin tayı,

Topuğu yeyilmiş, dabanı əyri.

 

Qar deyil qaralan qanıdı dağın,

Kolların telinə köçüb ağlığı.

Yaman keçəlləşib yaldakı meşə,

Çəkib sinəsinə yol uzaqlığı.

 

Hər şey olduğu tək qalıb gözümdə,

Arada tər basır tor eynəyimi.

Bir azca köhnəlib nə varsa, olsun,

İlk sevgi, son arzu xatirə kimi...

 

Vaxt axır səssizcə bir vadi qəmdə,

Şəhər havasına axmadı qəlbim.

Bir kənd daşıyıram soyuq sinəmdə,

Çoxdan tərk edilmiş daxmadı qəlbim.