Fərhad Tapdıqoğlu : - Şam

YAZARLAR 09:35 / 07.01.2025 Baxış sayı: 453

 

                                                  (hekayə)

Şam-ama xanım "Şam-o" romanını oxuyub qurtardı və kitab rəfindən Nərimanovun "Seçilmiş əsərləri "nı götürdü.

Vərəqləyib,"Şam-dan bəy"i oxumağa başladı.Bir neçə səhifə oxuyub, kitabı qatlayıb,ayağa qalxdı...

Şam-ama xanım qəsəbədə yerləşən ,yalnız Eldar şam-ı ağaclarından ibarət parka üz tutdu.

Bir oturacaqda əyləşdi.Ciyərdolusu nəfəs aldı.İri gövdəli şam ağaclarının qozalarını toplayan uşaqlara tamaşa etdi.

Şam-ama xanım ixtisasca biologiya müəlliməsi idi.Şam ağacı haqqında geniş məlumatı vardı .Bilirdi ki,şam ağacının 115 növü var.Respublikamlzda əsasən Eldar şam-ı meşələri və yaşıllıqları vardır.

Şam ağacı iynəyarpaqlarından tutmuş,budaqları,gövdəsi ,qozaları hər biri faydalıdır.Ümumiyyətlə şam ağacı hələ 5000 il əvvəl 15 dərman bitkisi sıralarında yer almışdı.

Şam-ama müəllimə ali məktəbi bitirdikdən sonra təyinatla Şam-lıq kəndinə getmişdi.Elə əslən o kənddən olan ,aqronom Şam-ı kişinin oğlu, fizika müəllimi Şam-xalla tanış olmuş və ailə həyatı qurmuşdular.Bir müddət kənddə yaşamışdılar. İki övladları vardı.Qızı Şam-ayıi və oğlu Şam-il..

Uşaqları yuxarı siniflərdə oxuyanda Bakı ətrafı qəsəbələrin birində ev almış və ora köçmüşdülər.

Həmişə evlərində bufetin üstündə şam-ama olardı.Bu mehriban ailədə söz- söhbət nadir hallarda baş verərdi.O mübahisə isə,adətən oxuduqları kitablardan,gəzdikləri,gördükləri yerlərdən,məkanlardan olardı.Tətil vaxtı ailəvi Şam-axıya getməyi xoşlardılar. Şam-lıq istirahət mərkəzi də onların çox sevdikləri məkan idi.Maraqlıdır ki, Şam-xal da,Şam-ama da,"Şam-pinyon" göbələyini və "Şam-ayka"(Şah-mayı) balığını xoşlardılar.

Əvvəllər yeni il qabağı satılan şam ağacı budaqlarından alıb,yolka qurardılar.Sonradan süni yolka aldılar. Şam-xal müəllim hər yeni ildə Şam-pan şərabı partladardı.

Şam-ama müəllimə də,Şam-xal müəllim də,M.Füzulini çox oxuyurdular:

"Məni candan usandırdı, cəfadan yar usanmazmı?

Fələklər yandı ahımdan, muradım şəmi( şam-ı) yanmazmı?!"

Füzulinin "leyli və Məcnun" unu ,qəzəllərini az qala əzbər bilirdilər.

Şam-xal müəllim "Ram və Şam" hind filminə,Şam-ama müəllimə "Zita və Gita"ya dəfələrlə baxmışdılar.Üstəlik Şam-ama müəllimə "Şam-pion" türk serialını da çox sevirdi.

Hər ikisi şam-anlar haqqında da kifayət qədər məlumatlı idilər.Şam-anizmin magiya ilə bağlı dinin bir forması olduğunu bilirdilər.

Şam-xal müəllim də,Şam-ama müəllimə də başlarını mütləq şam-punla yuyurdular.

Ümumiyyətlə bu ailə qibtə ediləcək dərəcədə gözəl bir ailə idi.Axşamlar, asudə vaxt tapanda " Şam-san əgər,pərvanən ollam" mahnısına qulaq asmaqdan həzz alırdılar.

Şam-ayıl da,Şam-il də ali təhsillidirlər.Şam-ayıl ailə qurub, əvvəllər Şam (Dəməşq)şəhərində,indi isə Londonda ,Şam-il isə Rusiyada yaşayırlar...

.....İki il öncə təqaüddə olan Şam-xal müəllim doğma Şam-lıq kəndinə qohumlarının toyuna gedərkən yolda avtomobil qəzasında həlak olmuşdu...

Şam-ama müəllimə həyat yoldaşının faciəli ölümündən sonra hər axşam şam yandırardı.Deyirdi ki,"evimin gur işığı Şam-xal idi,o işıq daha yoxdu"...

.... Şam-ama müəllimə evə qayıtdı.Şam namazını qıldı, sonra şam yeməyini yedi.Şam-dandakı şam-ı yandırdı...

Tək,yalnız Şam-ama xanım ,ikincı yeni ili Şam-xalsız qarşılayırdı. Sanki xoşbəxtlik tüklərini tökmüşdü bu ocaqda....Hər şey bir ovuc şam işığında qaranlığa bükülmüşdü..

Şam-ama xanım ,feysbuk dostunun aşağıdakı misralarını xatırladı:

"Otağımda mən yanıram,bir də şam,

Bir ömürlük kövrəlmişəm bu axşam"

Kövrəldi Şamama xanım..

Elə bu zaman qapının zəngi çalındı. Qapının gözlüyündən baxdı Şam-ama xanım...

Oğlu Şam-ildi..

Sanki otaqlar işıqlandı Şam-ilin gəlişiynən.....