Şakir Xanhüseynin  İKİ BİR ŞEİR-i

MÜSAHİBƏ 08:38 / 18.07.2024 Baxış sayı: 19253

 

1.QOÇAQLAR QOÇAĞI...

gözümün iki baxdığı var bir gördüyü,

ilk baxışda ağa, qaraya,

yada, doğmaya baxdığımda da

bir gördüyüm var...

hərdən yüz-yüz addım atıb

bir izin qalmadığını görürəm.

hər kəsin gəldiyini,

heç kəsin qalmadığını görürəm...

bəzən torpağa neçə-neçə ağlamaq əkdim də

bir gülrmək cücərmədi,

çiynim iki götürdüyünü bir qoysun yerə,

bacarmadı...

hə, iki baxıb, üç baxıb bir gördüm də demə,

bir adamı həm lal, həm kor gördüm də...

irəli getməsiyçün

sözünü nə qədər geri götürən...

ah, qoçaqlar qoçağıdı

özünü bugündən sabaha diri götürən!..

 

2.TAMAMLAMAQ

 

ey ağac, kölgəm sənin kölgəni

tamamlaya bilərmi,

çox zaman görürəm ki, kölgəm kölgənə

qarışıb itir, yox olur...

bir-birimizi tamamlamaq gücündəyikmi,

əlimiz başqa bir əlin işini,

ürəyimiz başqa bir qəlbin çırpıntılarını

tamamlaya bilirmi...

ey bulaq, suyun çox duru, şəffaf, saf

və hər irqdən olanların göz yaşı...

bütün sular bir ovucdu,

göz yaşları dərya-dərya;

axar sular necə tamamlasın göz yaşlarını...

bir də hər kəndi, şəhəri tamamlayan

o kənd və şəhərlərin məzarlıqlarıdı...

yox, əsla,

ağ qarayla, al yaşılla tamamlanmır, bitmir,

var olanlar bir-birinə susuz, təşnədi...

tamamlanıb sona çatanda

ömür də yenidən başlayırmış kimi

görünür adama, nə qəribədi...