Cənubi Qafqazda yeni iqtisadi reallıq formalaşır - Deputatla MÜSAHİBƏ

MÜSAHİBƏ 11:28 / 07.11.2025 Baxış sayı: 5817

Son illərdə Cənubi Qafqaz regionunda baş verən iqtisadi və nəqliyyat yönümlü dəyişikliklər regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu prosesin mühüm nümunələrindən biri kimi, Ermənistan Respublikasının Qazaxıstan və Rusiya mənşəli taxılın Azərbaycan ərazisi vasitəsilə idxalını həyata keçirməsi diqqət çəkir. 

Bu hadisə, ilk növbədə, regionda kommunikasiya xətlərinin, ticarət yollarının və tranzit imkanlarının bərpası istiqamətində atılan mühüm addım kimi qiymətləndirilə bilər. Azərbaycan ərazisindən keçən bu marşrut təkcə iqtisadi maraqların deyil, həm də qarşılıqlı asılılıq və praqmatik əməkdaşlıq prinsipinin güclənməsini göstərir.Eyni zamanda, bu cür ticarət marşrutlarının fəaliyyətə başlaması Azərbaycanın nəqliyyat-tranzit potensialının artmasına, regional ticari münasibətlərdə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. 

Yenises.az bildirir ki, bu  məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev  mətbuata müsahibə verib. Həmin  müsahibəni izləyicilərimizə təqdim edırik :

-Ermənistanın Qazaxıstan taxılını Azərbaycan ərazisindən idxal etməsi region ölkələri arasında iqtisadi əməkdaşlığın inkişafı baxımından hansı əhəmiyyətə malikdir?

-Heç bir dövlət qonşu ölkələrlə və digər tərəfdaşlarla iqtisadi əməkdaşlığı genişləndirmədən inkişaf edə bilməz. Azərbaycan bu prinsipə daim sadiq qalaraq regionda əməkdaşlıq və qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə xüsusi diqqət yetirir. Ermənistanın Qazaxıstandan gətirdiyi taxılın Azərbaycan ərazisindən tranzit olunması isə Cənubi Qafqazda yeni iqtisadi reallığın formalaşdığını göstərir. Bu addım təkcə iki ölkə arasında iqtisadi əlaqələrin deyil, həm də regionda qarşılıqlı etimadın və sülhə doğru addımların güclənməsinin göstəricisidir. 

-Azərbaycan ərazisindən keçən tranzit yüklərin artması ölkəmizin logistika və nəqliyyat sektoruna necə təsir göstərə bilər?

-Tranzit yüklərin həcminin artması Azərbaycanın nəqliyyat və logistika potensialını daha da gücləndirir. Bu, ölkəmizin beynəlxalq daşımalar mərkəzinə çevrilməsi istiqamətində atılmış mühüm addımdır. Azərbaycanın coğrafi mövqeyi regionda əsas tranzit qovşağı rolunu oynamağa imkan verir. Bu marşrutların genişlənməsi həm infrastrukturun inkişafını, həm də yeni iqtisadi gəlirlərin formalaşmasını təmin edir. Eyni zamanda, bu proses logistika xidmətlərinin keyfiyyətinin yüksəlməsinə və ölkənin tranzit imicinin möhkəmlənməsinə şərait yaradır.

-Ermənistanın həm Qazaxıstan, həm də Rusiya taxılını Azərbaycan üzərindən idxal etməsi siyasi münasibətlər baxımından hansı mesajı verir?

-Bu, çox mühüm siyasi mesajdır. Uzun illər davam edən gərginliklərə, işğal dövrünün ağrılı nəticələrinə baxmayaraq, Azərbaycan sülh və əməkdaşlıq tərəfdarı olduğunu bir daha nümayiş etdirir. Azərbaycanın bu tranzit razılığı verməsi göstərir ki, Bakı regionda sülhün və sabitliyin bərqərar olmasına real töhfə verir. Bu, həm də onu sübut edir ki, Azərbaycan konstruktiv dialoqa və qarşılıqlı fayda prinsipinə əsaslanan siyasət yürüdür.

-Bu ticarət marşrutu Cənubi Qafqazda ərzaq təhlükəsizliyi və tədarük zəncirinin sabitliyi üçün hansı üstünlüklər yarada bilər?

-Ərzaq təhlükəsizliyi bu gün bütün region ölkələrinin prioritet istiqamətlərindən biridir. Azərbaycan ərazisindən keçən ticarət marşrutları tədarük zəncirinin sabitliyini təmin etməklə, həm də regionda ərzaq böhranı risklərini minimuma endirir. Qonşu dövlətlər arasında bu cür əməkdaşlıq təkcə iqtisadi deyil, sosial və humanitar baxımdan da müsbət nəticələr doğurur. Sabit və təhlükəsiz tranzit kanalları Cənubi Qafqazda uzunmüddətli dayanıqlı əməkdaşlığın bünövrəsini qoyur.

-Azərbaycan üçün bu tranzit əməliyyatlarından iqtisadi və strateji baxımdan hansı faydalar əldə oluna bilər?

-Bu tranzit əməliyyatları Azərbaycan üçün həm iqtisadi, həm də strateji üstünlüklər yaradır. İqtisadi baxımdan bu, əlavə gəlir mənbəyidir, infrastrukturun və nəqliyyat xidmətlərinin inkişafına təkan verir. Strateji baxımdan isə Azərbaycan regionda etibarlı tərəfdaş və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirir. Eyni zamanda, bu əməkdaşlıq Cənubi Qafqazda sülhün, sabitliyin və qarşılıqlı etimadın bərqərar olunması üçün real zəmin yaradır.

https://crossmedia.az/az/article/53334