Şakir Xanhüseyn : - PORTRET-ŞEİR

Ədəbiyyat 13:30 / 16.03.2025 Baxış sayı: 345

 

Görkəmli şairimiz Ələkbər Salahzadənin

unudulmaz xatirəsinə...

1

Hey gərdiş edirdi-

gəzişirdi elə iş otağında,

sanki düzləri

dizləri önünə sərib süfrə açırdı,

Cimiçaydan su içirdi,

bütün Qubanı dolaşırdı,

Qobustanı,

Şamaxını,

Qəbələni dolaşırdı-

dünyanı dolaşırdı;

Allah bilir, necə husslər keçirib,

hansı fikir dağlarını aşırdı...

2

Adama baxırdı, amma necə-

elə bil gözünü qaçırırdı;

görəsən, gözlərində gizlətmək istədiyi

hansı sirr idi ki,

razı deyildi kimsə bilə?

3

Siqarla bitməz dostluğu vardı,

siqar tüstüsü qəlbinə dəyib-qayıdırdı,

ancaq inanmıram tüstü tüstülüyüynən onun ürəyinə dəyəydi,

incidəydi onu-

ömründə bəlkə bir qarışqaya da xətər yetirməyən adamı...

Külqabı

siqar külü, kötüyüylə təpələnirdi,

elə bil qəlbində hansısa duyğular hərəkətlənir, təpərlənirdi...

...Burum-burum tüstülər,

hara uçub getdiniz,

ona nə etdiniz, zalım tüstülər?..

4

Uşaq qəlbli,

işıq qəlbli,

yumşaq, ipək bir İnsan-

ehmal, sakit-

bir ulduz öz kəhkəşanında nə sayaq durur,

Ay necə görünürdü,

eynən o cürdü...

Amma sənətə gələndə başqalaşırdı tamam-

həlimliyi, mülayimliyindən əsər-əlamət qalmırdı desəm

yanılmaram;

bütün vücuduyla hiss etdirirdi bunu-

sözə qarşı nə qədər həssas olduğunu!

Bir xırmandan

sanasan buğdaları dənə-dənə toplayır, yığırdı-

sözü dən-dən edirdi!

Sən də şeiri dimdiyində aparmalıydın

Ələkbər müəllimə;

xıltsız-filansız!

5

Kimsənin qarasınca,

arxasınca

eşitməzdin bir tənə-təhnizini...

Uca tutdu sözü, sözünü;

beləcə qoydu həmişəlik

ayağı dəyməyən yerdə-

ürəklərdə

silinməyən izini...Şakir Xanhüseyn