Aida Adıgözəl : - İronik şeir

Ədəbiyyat 08:08 / 17.03.2025 Baxış sayı: 522

 

Sizi qırılasınız, ey zəhrimar güzgülər,

bəsdir yadıma saldız bu qara it günümü!

Bilirəm həzz alırsız mənə göstərmək üçün, simləmiş dərdlərimin yara, qabar, düyünün!

Hə, bu gün də boyadım, ağarmışdı saçlarım,

hə, biraz da çoxalıb əllərimdə qırışlar!

Belə cəhənnəmə ki, yanağımda çoxalır

məni çirkinləşdirən bu uzanan cığırlar...

Mən çoxdan unutmuşam sağda solda olanı,

biri deyəsən ürək... canı çıxsın ağrısın!

Sağalmaq istəmirəm, gəlin, hamınız gəlin,

sarılın vücuduma, artın, artın, çoxalsın!

Haçandı eynəkləyəm, gözüm uzağı seçmir,

daha arzulamıram əllibeşi, altmışı.

Qocalmaq istəmirəm tənhalığın küncündə,

gəlib ölmüş tapasız arsız, başı batmışı.

Axşamdan lap çoxalıb infarktın simptomları,

səhərəcən gülmüşəm ağrıların səsinə.

Xərçəng "smaylik" atıb, mən də yaxınlardayam,

qulağımı tıxadım xərçəng qəhqəhəsinə...

Belə! Bir gün də getdi bu tamaşa ömürdən,

yavaş-yavaş qapanır səhnənin pərdələri.

Titrək əllə açıram sonuncu poçt qutusun, sətirlərdən tökülür əcəlin hədələri...