Sevinc Qərib : - O SƏHƏR TANRI PAYSIZ OLMADI

Ədəbiyyat 20:48 / 15.03.2025 Baxış sayı: 489

 

Mən ölümün üzünə gülmədim,

heç ağlamadım da

üstümə çökən qaranlığın

ağırlıq ağrısından.

Səssizcə süzdüm

qara libaslı "qadını".

Cismimi qucaqlayan

bumbuz əllər,

alov sarmış kimi diksindi,

ölüm sevmədi məni,

itələdi əllərimi...

Ovcumda mürgüləyən

dualar diriydi,

nəfəs alırdı...

Nəfəs aldıqca havanı

bürüyən dua ətrindən

həyat doğulurdu.

Mələklər yerə enmişdi

o səhər,

gözlərində bulud-bulud

incilər...

Ciyərləri açılmışdı havanın

içinə çəkdiyi dua ətrindən,

göy üzü sevgidən xoşhal olurdu.

O səhər Tanrı paysız olmadı;-

mələklər yerə nur gətirib,

göyə dua apardılar...