Ələsgər ƏLİOĞLU : - QIZILGÜL LƏÇƏKLƏRİ

YAZARLAR 11:00 / 16.03.2025 Baxış sayı: 343

 

                   (Hekayə)

Bir axşam çağı görüşdük. Mənə bir kitab bağışlayıb dedi:

-Gözəl romandır, oxuyarsan...Müalicəyə gedirəm, mən qayıdanacan qoymaz səni darıxmağa. Həkimlər deyirlər ki, ürəyimdə ciddi problem var.

-Atan aparır?

-Hə, amma anam əl çəkmir, o da gedəcək.

Ona ürək-dirək vermək istədim:

-Tanrı köməyin olsun, heç qorxub eləmə, müasir tibbin qüdrəti qarşısında hər cür xəstəlik acizdir. İnşallah, sapsağlam qayıdıb gələrsən!

Bu təskinlik onun üzündəki kədər cizgilərini əritdi və baxışlarında xəfif bir təbəssüm lövbər saldı. Bir də hiss etdim ki, ona təskinlik verə-verə özümü də ovudurmuşam...

Süsən mənimlə xudahafizləşib bayaqdan dayanıb söhbətləşdiyimiz köbərdən evlərinə sarı üz tutdu. Azacıq aralanmışdı ki, geri dönüb: "gözlə, qayıdacam! " –dedi. Mən də əllərimi onun arxasınca yelləyə-yelləyə səsləndim: "Gözləyəcəyəm, tez qayıt!" Həmin o axşam çağı onunla beləcə ayrıldıq...

Evdə əyləşib Süsənin bağışladığı kitabı vərəqləyərkən səhifələrin arasında qızılgül ləçəkləri gördüm. Ləçəklərin ətrini qoxulaya-qoxulaya ciyərlərimə çəkdim. Bununla da özümdə bir xoş əhval-ruhiyyə, bir toxtaqlıq hiss etdim. Kitabı ikicə günə oxuyub qurtardım. Buna baxmayaraq, onu əlimdən yerə qoymur, tez-tez vərəqləyir,səhifələrin arasındakı ləçəkləri qoxulayırdım. Bir dəfə anam kitabı əlimdə görüb dedi: "Ay bala, bu kitabı oxuyub qurtarmağın nə uzun çəkdi!? "

Bundan sonra daha gündüzlərə yox, gecələrə bel bağlamalı oldum... Hamı yatandan sonra kitabı rəfdən götürür və səhifələrdəki ləçəklərin ətrini acgözlüklə ciyərlərimə çəkirdim. Bununla da içərimdə bir rahatlıq tapırdım.

...Bir aydan sonra Süsən qayıtdı. Daha doğrusu onu qaytardılar.Özü də qara haşıyəli bir tabutda... Bu itki məni nə qədər ağrıtsa da, nə qədər göynətsə də, axır ki, taleyin sərt qanunları ilə barışmaq məcburiyyətində qaldım. Bir neçə ildən sonra ailə qurdum, ev-eşik sahibi oldum...

... Aradan iyirmi ildən də artıq bir vaxt keçmişdı. Ancaq yenə də tez-tez Süsənin mənə bağışlamış olduğu kitabı əlimə götürür, qızılgül ləçəkləri olan səhifələri dönə-dönə qoxulayır, acılı-şirinli xəyallara dalırdım. Bu ləçəklər qupquru kağıza döncə də, yenə də ətrini hiss edirdim...

Bir gün həyat yoldaşım kitabı vərəqləyə-vərəqləyə qoxuladığımı gözlənilmədən görüb mənə yaxınlaşdı:

-Deyəsən, sən kitabı oxumursan ey, iyləyirsən...

-Mən çaşqın bir halda, özümdən asılı olmayaraq kitabı ona sarı uzatdım:

-Bir sən də qoxula bu kitabı, gör nə gözəl ətri var!

O, kitabı əlimdən alıb burnuna yaxınlaşdırdı və sonra laqeydcəsinə geri qaytardı:

-Ətir nədir?.. Deyəsən ağlın çaşıb, heç nə hiss etmirəm!..

Mən günahkar, suçlu bir adam kimi başımı aşağı salıb acı-acı dilləndim:

-Sən hiss etməzsən də!..