Ayaz Arabaçıdan İKİ ŞEİR

Ədəbiyyat 12:03 / 06.12.2024 Baxış sayı: 1375

Qırılıb tökülər şüşələr yerə,

Sənin baxmadığın pəncərələrdən.

Qəfil oyanaram gecəyarısı,

Boğular ürəyim sinəmdə birdən.

Külək yaxasını cırar şəhərin,

Alnımı buz kimi soyuq tər basar.

Gözümdə sayrışan işıqlar boyu,

Uzanar,uzanar qara bir hasar.

Qəfil oyanaram gecəyarısı,

Oyanar mənimlə ağaclar evlər.

Oyanar yiyəsiz küçə itləri..

Oyanar gecədən qatar fitləri.

Qəfil oyanaram gecəyarısı,

Sinəmdə bir acı qəhər oyanar..

Mənimlə bir bütöv şəhər oyanar.

Gecənin əlləri üzündə qalar,

Saat üç olmamış səhər oyanar.

Qəfil oyanaram gecəyarısı..

Özümü güllətək sıxaram çölə..

Əynimi geyinib çıxaram çölə.

Od vurub yuxulu bir papirosa,

Deyinib-deyinib çıxaram çölə.

Sonra da gecədən bir səs oyanar,

Bir isti,bir şirin nəfəs oyanar..

İçimdə ölməyə həvəs oyanar..

Qatı qaranlığı udub gedərəm.

İçimə yüklənən qorxunu yenib,

Uzaq bir ulduzu tutub gedərəm.

Oyanar evdəki bütün əşyalar,

Dalımca tələsik qapıdan çıxar.

Bütün fikirlərim,düşüncələrim,

Başımda ilantək qabıqdan çıxar.

Qəfil oyanaram gecəyarısı,

Oyanar gecəyə ölüm fərmanım..

Oyanar cibimdə ürək dərmanım.

     ***

Götürsə də hər tərəfi bağça-bağ,

Dərd qoxuyur, qəm qoxuyur burası..

Çürütmüşəm haqq-hesabı zamannan,

Saatım yox, gələcəyə qurası..

Ən möhtəşəm üç arzumun birinin,

Halım yoxdu ayağına durası..

Uzaqbaşı üç-dörd yavan xatirə,

Onun da ki, ələ gəlmir urası..

Sıxılıram..

İçi gülmür yüz otaqlı sarayda..

O qız niyə hər otaqda ağlayır..

Axşam-səhər pəncərəmin önündə.

Bir quş gəlib ömrə, baxta ağlayır..

Nə zaman ki, götürürəm qələmi,

Barmaqlarım hər varaqda ağlayır..

Tanrım, daha göz yaşını ləğv elə,

Görmürsənmi hamı saxta ağlayır..

Çıxılıram..

Əlim gəlməz daşlamağa heç kimi,

Ziyan gəlməz bir kimsəyə daşımdan..

Oxu məni ürəyimdən-gözümdən,

Oxu məni,

kirpiyimdən-qaşımdan..

Həyat məni bundan belə boş burax,

Çıxartmışam çox şeyləri başımdan.

Didir məni içimdəki inilti..

Utanıram övladımdan,yaşımdan..

Yıxılıram..

Gedənlərin biri dönüb qayıtmaz,

Yaxın gəlməz alovuma-közümə.

O qədər ki, səbrini bas dedilər,

Heykəl qoydum ürəyimdə dözümə.

Heç elə bil tanış deyil buralar,

Yad görünür qoca dünya gözümə,

Qətrə-qətrə yığılıram hərədən,

Yığılıram yavaş-yavaş, özümə.

Yığılıram.