Nazim Əhmədli - UÇUM GƏLİM YANINA
09.02.2026.
Görən nələr yük olar,
bir ürəyin üstündə;
gecələr də yatıram,
sol kürəyim üstündə;
oxum hayana düşər,
yolum o yana düşər;
az qallam qana düşəm,
bir mələyin üstündə;
yolları qışa gördüm,
ömrü tamaşa gördüm;
xalları qoşa gördüm,
kəpənəyin üstündə;
saçımı şəvə tutub,
ruhumu tövbə tutub;
arılar növbə tutub,
bir çiçəyin üstündə;
nə qarışıb qanıma,
həsrət düşüb canıma;
uçum gəlin yanına,
bir lələyin üstündə;