Məmməd Qədir - Şehli-şehli

Ədəbiyyat 13:19 / 14.04.2026 Baxış sayı: 366

 

Könül, yaz səhəri çəmənzara çıx,

Ən zərif çiçəyi üz şehli-şehli.

Öpdükcə qucaqla, ürəyinə sıx,

Yarın tellərinə düz şehli-şehli.

 

Görərsən ruhuna mələklər uçur,

Tel də qönçələnir, çiçəklər açır,

İlahi nə gözəl təravət saçır,

Kirpik şehli şehli, üz şehli şehli.

 

Çiçəklər darağın, şeh olsun güzgün,

Güzgüdən boylanan baxışın süzgün,

Yel yerə tökməmiş, qurutmamış gün,

Sevgindən bir könül süz şehli-şehli.

 

İçib sərxoş olsun, dəymə xətrinə,

Bələn gül qoxusu, ləçək ətrinə,

Bat xirtdəyə kimi çiçək ətrinə,

Sevda ümmanında üz şehli-şehli.

 

Sevgi girdabında qorxma savaşdan,

Sındırıb ruhunu çıxarar daşdan,

Cənnəti dilərsən, səhər, obaşdan,

Yarın bağçasını süz şehli-şehli...

 

Ürək dər söyləyir, könül üz deyir,

Bunu ruh qışqırır, bunu göz deyir,

Məmməd min ildi ki, səni gözləyir,

Yanaq şehli-şehli, göz şehli-şehli...