Əbülfət Mədətoğlu  -  Gəl...

Ədəbiyyat 11:00 / 12.04.2026 Baxış sayı: 584

 

(Bir Qadına)

Ürəyimi alov kimi , yel ovdu

Bəbəyimi damcı-damcı sel , ovdu...

Yanaqlarım göz yaşıma selovdu -

Gözlərimi gəl, bu seldən al, mənim...

Gəl, bir anlıq gəl, yanımda qal , mənim...

 

Rəngi olsun, mavi, qara, tünd, ya göy

Üz-üzədi, bilirsən ki, yerlə - göy!

Gəlməyəndə , sən qapımı zənglə döy -

Qoy xəyalım olsun bir an bal, mənim...

Gəl, bir anlıq gəl, yanımda qal, mənim!

 

Puçurlayan ümidimin fidanı

Yaddaşıma möhürlədin nidanı!

Sən ruhuma "SEVGİ" adlı qidanı -

Dadızdıran, ürəyimlə qal mənim!

Gözlərimi gəl, bu seldən al mənim!