Saqif Qaratorpaq - Elə yorulmuşam...gör neçə gündü

Ədəbiyyat 10:15 / 14.04.2026 Baxış sayı: 336

Elə yorulmuşam...gör neçə gündü

Ürəyim uçunur bir sözdən ötrü.

Üstünü toz basan köhnə güzgüyəm,

Elə darıxmışam bir üzdən ötrü.

 

Tüstüsü içində boğulan evəm,

Həsrətəm gülüşə,təşnəyəm səsə.

Min il yol üstündə durub gözlərəm,

Dərdimi demərəm ancaq bir kəsə.

 

Yağış istəyirəm,bir nur yağışı,

Bütün günahımı yuyub apara.

Göydən kölgə düşə,bir əl uzana,

Məni öz ovcuna qoyub apara.

Üzümü tutmuşam dənizə sarı,

Küləyi gözləyən yelkənəm indi.

Yanıb öz odumda külə dönmüşəm,

Bir gizli sevdaya vətənəm indi.

12.05.2025.