Firidun Agazadə - Sən mənə sarı gəlmədin
***
Sən mənə sarı gəlmədin,
Mən ölmədim, sən ölmədin.
Yarlıq eləyə bilmədin,
Barı dostluq göndər mənə.
Hər sirri verməm sözə mən,
Nəyi danışım təzədən?
Kim verdi, hansı kuzədən
Eşq dadında zəhər mənə?
Bu güzgünü kim daşladı?
Hansımız əvvəl başladı?
İndi çatılmış qaşların
Nədən vurur xəncər mənə?
Sorsalar səni kim sevir,
De ki, “bir yarımçıq şair”…
Məmməd Arazdan bir şeir
Söylərmisən əzbər mənə?
Pəriçöhrə, daha yeri,
Sən ölmüsən, qəmin – diri.
Sənli günlər dönməz geri,
Sənsiz günlər məhşər mənə.