Əbülfət Mədətoğlu - Gözlərinin şəkili
Bir gözəlin baxışından alışıb,
Səhərəcən ulduz saydım - yatmadım..
Adın deyib , öz-özümə danışıb -
Xəyal qurdum, istəyimə çatmadım!..
Heç bilmədim necə aldı ağlımı
Biləndə də istəməyə utandım.
Qarışdırdı əvvəlimlə axrımı -
Bircə anda , açıq-aşkar budandım...
Tutdu məni saçlarının selbəsi
Gah üzümü, gah boynumu daladı...
Bəs elədi mənə bircə kəlməsi -
Dodaqlarım saçlarını qaladı!
Günəş idi bu baxışlar, ömrümdə
Görməmişdim, yuxuda da mən hətta...
Şəkilini göstər , onu görüm də -
Xoşbəxt olum baxışından həyatda!