Adil  Cəfakeş - DÜŞDÜM (divani)

Ədəbiyyat 12:11 / 14.04.2026 Baxış sayı: 301

 

Qiyməti bir qiymətsizə verib qiymətdən düşdüm,

Hörmətsizə hörmət etdim, özüm hörmətdən düşdüm

O qədər yordum özümü, qədirbilməz yolunda,

Dizlərimdə güc qalmadı, tamam taqətdən düşdüm.

 

Naşükürlük eyləmədim, heç vaxt düşmədim asi,

Məclislərdə oxudum mən, ellərə yaydım səsi.

Öz yanımda başa çəkdim, layiq olmayan kəsi,

Oturduğum tacı-taxtdan, o səltənətdən düşdüm.

 

Söylədilər yağ satırıq, baxıb gördüm şordu ki,

Görməməzlik eylədim mən, dedilər bu kordu ki.

Hər yetənin arxasınca qaçmaq elə yordu ki,

Saatda yüznən gedirdim həmin sürətdən düşdüm.

 

Cəfakeşəm, bir axmağın başını təriflədim,

Gözlərinə gözəl dedim, qaşını təriflədim.

Xətrinə dəyməyim deyə, naşını təriflədim,

Özümü də gözdən saldım, heyif, qüdrətdən düşdüm.