Əbülfət Mədətoğlu - Şəklin çəkdirək
Qoyma getsin bu günləri boşa , tut
Bağımızda boy boyadı qoşa tut!
Sən gözünü gözlərimlə qoşa, tut-
Biz onların birgə şəklin çəkdirək!
Dərələrə haray salan sel düşsün
Yadımıza nə oba , nə el düşsün...
Qoy çiynimə saçından bir tel düşsün -
Biz onların birgə şəklin çəkdirək!
Qoşalaşan xəyallarda dodaq bal
Sirr verməkdən uzaq duran dilsə lal...
Bir şəhəri qarışdırar bu cür hal -
Gəl bu halın birgə şəklin çəkdirək!
Səs etsə də arxada boş çanaqlar,
Əhvalımı pozan deyil qınaqlar!..
Bir-birinə sığınanda yanaqlar -
Biz onların birgə şəklin çəkdirək!..