Məmməd Qədir - İncimirsən ki

Ədəbiyyat 15:16 / 26.03.2026 Baxış sayı: 396

 

Hüsnün qarşısında Günəş də sönük,

"Ayüzlüm" deyirəm, incimirsən ki!

Sənə heyranlığım özümdən böyük,

Gözümü döyürəm, incimirsən ki!

 

Ruh mələk hüsnünü, İlahim sanır,

Ağlım parçalanır, şüurum sınır,

Sənin hüzurunda qürurum sınır,

Boynumu əyirəm, incimirsən ki!

 

Odun nə doğmadı odlar içində,

Ən şirin isimsən, adlar içində,

Doğmalar yanında, yadlar içində,

Özümü öyürəm, incimirsən ki!

 

Günəş kimi doğdun danıma mənim,

Canım, can caladın canıma mənim,

Sevgidən yetiməm, qınama məni,

Ruhundan yeyirəm, incimirsən ki!

 

Məndən sədaqətli durna, qu yoxdu,

Sonam, sevgimdə üz, çöldə su yoxdu,

Canım, sənsizlikdə necə soyuqdu,

Sevgini geyirəm, incimirsən ki!