Kəmaləddin Qədim - ÖZÜM ÖZ ƏLİMƏ KEÇİRƏM HƏRDƏN...

Ədəbiyyat 10:10 / 26.03.2026 Baxış sayı: 460

 

Özüm öz əlimə keçirəm hərdən,

Adam öz əlində necə ram olur...

Özüm öz əlimə keçirəm hərdən,

Hərdənbir öz əlim, öz yaxam olur...

Harda çox olmuşam, harda, çox ayıb,

Harda çatmamışam, azam, kəsirəm...

Özümü beləcə dara qısnayıb,

Tənbeh eləyirəm, cəza kəsirəm.

 

Gözlərim dindirir axan yaşını,

Yaşlar da danışmaq gücündə olur.

Qaçıra bilməyir başım başını,

Ürəyim ovcumun içində olur.

Eh, bu da bir cürə imtahan, sınaq,

Yenə də əl mənim, ətək mənimdi...

Gör harda dönmüşəm bal arısına,

Gör harda bal mənim, pətək mənimdi...

Haram dəyişibdi, bu şəhər, bu mən,

Bax, həmin kəndçiyəm, bax, həmin çölçü.

Bu da ki, son nəğmə, bu tənha Qu mən,

Qoymuram sonuncu ümidim ölsün.

Alıram nəzərə, vecə səhvimi,

Günahdan sayıram, suçdan sayıram.

Olur da, nə danım, neçə səhvimi

Bir gözəl şeirimə bağışlayıram.

Yapışdım, çətin ki, yaxamdan qopam,

Çətin ki, ovunam, dilə tutulam...

Beləcə əyrimi, pisimi topa,

Doğrumu, düzümü gülə tuturam...

Özüm öz əlimə keçirəm hərdən,

Adam öz əlində necə ram olur...

Özüm öz əlimə keçirəm hərdən,

Hərdənbir öz əlim, öz yaxam olur...