İNSANAM- yazdı Əşrəf  Veysəlli 

Ədəbiyyat 10:00 / 26.03.2026 Baxış sayı: 482

 

Kiməsə ümidəm, kiməsə evəm,

Gah quru odunam, gah körpə şivəm.

Arxamda babam var, qarşımda nəvəm,

Gah gecə gözləyir, gah səhər məni.

 

Bəlkə bu torpağın arzularıyam,

Odlu çiçəyiyəm, bəyaz qarıyam,..

Gərək həqiqəti gəzəm, arayam

Yorduqca şübhələr, bəlkələr məni.

 

Bu yolda saçıma nur ələnibdir,

Dağlar mənə baxlb qürrələnibdir.

Görcək qoşun- qoşun cərgələnibdir

Palıdlar, vələslər, cökələr məni.

 

Olsam da yolları, qolları bağlı,

Demərəm heç vədə haqsıza haqlı.

İçimdə bir duyğu əli bıçaqlı,

Yoxsa tikə- tikə tikələr məni.

 

Diriykən bir alay, bir qoşun ollam,

Ölsəm, qarışqanın, ya quşun ollam.

Əriyə- əriyə qurğuşun ollam,

Düşmən boğazına tökələr məni.

 

Yolum raketlərin yolundan çətin,

Ən ağır gündə də mətinəm, mətin.

Köksümdə yeri var hər məmləkətin,

Bəs niyə qorumur ölkələr məni?!

 

 

Dünənə, bugünə, sabaha görə,

Bu suya, havaya, torpağa görə,

Qorx ki, Araz boyda günaha görə

Nəsillər çarmıxa çəkələr məni.

 

Səması ulduzlu, aylı, çiraqlı,

Bütün azuları günəşə bağlı.

Azadlıq nəğməli, ağ gün soraqlı

O tül axşamlara bükələr məni.

 

Hələ nə qədər ki döyünür ürək,

Vətən qan istəsə ona can verək.

Məsləkim uğrunda deyirəm gərək

Bu tayla o taya tikələr məni.

 

Bu fikir hayandan düşdü beynimə,

Hecəni kürk bilib geydim əynimə.

Cavanlıq dağları yıxdı çiynimə,

Qocalıq torpağa yük elər məni.

 

Dünyada nə qədər dava- dalaş var,

Sinəmdə ağrı var, gözümdə yaş var.

Köksümdə min tufan, min ixtişaş var,

Soyuq məzarda da silkələr məni.

 

Polad əzələmdir məğrur qayalar,

Büllur bulaqlardan sinəm pay alar.

Öləndə məzarda basdırmayalar,

Gərək bu torpağa əkələr məni.

1981- ci il.