Elməddin Nicat - ON İL QAYIT

Ədəbiyyat 21:32 / 26.03.2026 Baxış sayı: 274

 

On il tələsdiyin ağlıma gəlsə

Bir an gecikməzdim səni görməyə.

Belə tələsməklər sənlik deyilsə

Niyə gecikmirdin məni görməyə?!

 

Tələsib, gecikib hara çatdıq ki,

Bir ömrün yarısı boşuna keçdi.

Bizi sevindirən bir yaz günüydü

O da ümüdlərin qışına keçdi.

 

Deyirsən gecikdik, nəsə alınmaz

Araya çəkdiyin bu nə səddi ki?!

Bir dəli sevdayla əl-ələ tutub

Qaçıb keçməliydik bu sərhəddi ki!

 

Gəl daşı, qayanı tök ətəyindən

Sən mənsiz gedəsi deyilsən qayıt.

Bizi ayrı salan yol ayrıcına,

On il mən gələcəm, on il sən qayıt