Ayaz Arabaçı - bir çiçək vardı dibçəkdə

Ədəbiyyat 11:23 / 26.03.2026 Baxış sayı: 469

bir çiçək vardı dibçəkdə,

mən ona baxdıqca

daha da çox solurdu,

çünki

onun istədiyi su

mənim baxışlarımda yox idi..

****

gecə

pəncərədən içəri düşən ayın şəfəqi

üzümü yoxladı

və soruşdu:

bu üz kimin yorğunluğudur..

****

illərlə susdurduğum səsimi eşitdim

çıxart dedi

əllərini cibindən,

bax gör

hələ də sənə məxsusdularmı..

****

O qızı yenə gördüm,

gözləri yad idi,

üzü tanış..

içindəki adam

çoxdan köçmüşdü.