Fərhad Tapdıqoğlu - Yenidən uşaq oldum ,kəndimizə getdim.
Yenidən uşaq oldum ,kəndimizə getdim.
Baba bağımızdan ,çəkil ağaclarının dibindən,kol -kosların içindən xeyli bənövşə tapdım,dərdim.
İki qom bənövşə bağladım.Bir balaca qomu şadalanka urbaşkamın (köynəyimin ) cibinə,ikincini, bir az böyük qom
bənövşəni isə coortuğumun ( köhnə pencək) cibinə qoydum ki,uşaqlar görüb almasınlar məndən.Evə qayıtdım.Qalın çay stəkanına su töküb,balaca qom bənövşəni ora qoydum.Soortuğumun cibindəki bənövşəni isə,məndən bir yaş böyük olan,xoşuma gələn qıza bağışladım .
( Çox rayonların bənövşələrini görmüşəm,əmin olmuşam ki,Qarabağ bənövşəsinin ətrindən yoxdur...)
Sonra kəndimizdəki nərgizlikdən iki nərgiz dəstəsi bağladım.
...Qəzet parçasının içinə bir az duz töküb,cibimə qoydum.Geyirtkən( gicitkən) yığıb,ovxalayıb ,duzlayıb yedim...
Quşəppəyi də yığdım,qazayağı da,cincilim də...torpağını çırpıb ,eləcə yedim...
Yemlik yeməyin ləzzəti başqaydı...
Bəs böyürtkən kollarındam çıxan zoğlardan qırıb,qabığını soyub yemək necədir?
Yemisinizmi? Turməzəydi...
Əvəlik də yedim,o da turşməzə...
Üzüm tənəklərinin təzə-tər yarpaqlarının dadına baxdım,üzümün zoğlarından qırıb, qabıqlarını soyub yedim..
Danaqıran( xıncıloz) da yığdım ,bir neçəsini eləcə yedim,bir az da yığıb evə apardım ki, qaynadıb ,sonra yeyim...
Təzə çıxan əmənköməncinin də dadına baxdım.Körpə lalalardan ( lalələr)da yedim...
Bir az çiriş yığdım,bir az xəzəz...
Xımı yığdım şoraba qoymağa...
Baldırğan da yedim,sarı qanqal da,ala qanqal da...
Donbalan da rast gəldi,yığdım bir az...
Quzuqulağının da dadına baxdım.Qoyunqulağı da yığdım,gəlin barmağı da...
Çöl kişnişindən ( dağ kişnişi ) necə keçmək olardı?!...
Yurd yerimizdə dayanıb,baxdım...
Ay da...
Aşağıda ,maşın yolunun altında, arxın üstündə nə qədər mərəçöyüd ( qulançar ) vardı?!
Xeyli yığdım...
Uşaq yaşlarımızda akasiya ağacının çiçəklərini yeməyimizi xatırladım...
...Sonra gördüm nənəm ( anam) yağloca da,unnuca da,arıotu da yığıb ...
Yağışdan sonra olduğundan baba bağımızda da, xırman yerində də göbələklər çox idi,yığdım...
...Çayın qırağına endim.Yalın əllə balıq da tutdum...Qıjı da yığdım ,çay qıjısı...
...Nənəm ( anam) əmənköməncidən,çöl kişnişindən buğlama da bişirdi...
Arıotundan,yığdığı çöl yarpızından ,çöl çişnişindən...yaxşı dovğa bişirdi nənəm...
Bəh...bəh...
Cincilim,ciyirtkən ( gicitkən),quzuqulağı, qoyunqulağı,gəlin barmağı, qaz ayağı,quşəppəyi,yağloca,unnuca ,lalanin( lalə) kətəsinin dadından olmazdı...
Bir kasada təzə nehrə yağı,bir kasada camış( biz gamış deyirdik) qatığı vardı ,kətələrin yanında.
Kətələrin içinə nehrə yağı qoyub,camış qatığına batırıb yedim...
Nənəm kətəni bişirib ,çatdırmırdı mənə...
Axırı dilləndi nənəm:
-- Ay qarnına şiş batsın ,az ye,qoy qardaş -bacılarına da qalsın - dedi.
(Kaş elə nənəm sağ olub deyəydi:"qarnın yırtılsın bala,az ye"...)
...Onu qeyd eləyim ki,çörək itirən alçaq qonşularımıza bsğlarımızın boş yerlərində torpaq verirdik,bostan əkirdilər.
Harsınlar, axçilər ( düşmənlərimizin qadın,qızları) kövşənlərimizdən bizim yığdıqlarımızdan da,turpəngin körpəsindən də, pərpətöyündən də yığırdılar...
Qoyun-quzu otarmağım yadıma düşdü...Körpə quzu otuxanda ( otlamağa başlayanda) necə sevinirdim. Qoyunlarımız qoça gələndə,inəyimiz kələyə gələndə,qoyunlarımız yelinləyəndə xəbəri tez qağama( atama) ,nənəmə çatdırardım...
...Köçəri kişi gilin evlərindən azca yuxarı meşənin kənarında,meşə çiyələyi də yedim...
(Baba bağımızın qıraqlarında da çiyələk çox olurdu.Ancaq meşə çiyələyinın dadı əlaydı ...)
Meşənin kənarına çiyələk yeməyə gedəndə,daşların dibindən,kol-kosun içindən kəkliklər,qirqovullar ,turaclar "pırrr" eləyib uçurdular.
...Sonra yenidən baba-bağımıza gəldim.Qarellə də,bal kimi şirin sarı gavalı da yığıb yedim...
Alça,alma,dədə-baba gilas...ehh daha nələr,nələr...
...Bədirxan kişinin tağbəndində oğlu Mahmud dayı ailəsi ilə yaşayırdı.50-ci illərin sonlarına qədər onların həyətində xaş-xaş kolları vardı.Xaş-xaşın toxumlarını yumurtanın sarısı ilə qarışdırıb ,kündənin üstünə vurub, yayıb,təndirə yapardılar
Uşaq ağlayanda yenə xaş-xaşın toxumlarından
südün içinə töküb,qaynadıb,uşağa içizdirərdilər ki,sancısı kəssin.
60-cı illərin əvvəllərində xaş- xaşın narkotika olduğu məlum oldu...kökünü kəsdilər...
Sonra çayın o tayına adladım. Toyuq fermasından yuxarı qayalıqdan ətri adamı az qala bihuş edən kəkotu( kəklikotu) yığdım...
Məhəmməd bəyin bağındakı "süd alma"nın da dadına baxdım.Fındıq da,lalıxlamış zoğal da yedim,heyva da,əzgil də...
Hamısını sadalamıram...
Sonra hündür çəkil,çinar ağaclarına dırmaşan irşibaba( keçiməməsi, keçiəmcəyi) üzümündən yığıb yemək istədim.Bir uzun qarğı tapıb,uc hissəsini yarıb,üzümün saplağına doğru uzadıb, keçirdim ,qırdım,aşağı əyib ,qarğıdan çıxardım...
Ağ üzüm,qara üzüm,qızıl üzüm( deyirlər ki ,qızıl üzümün tərkibində qiymətli platin elementi var) ...
Xəyaldan ayıldım...
Yenidən uşaqlığımdan birbaşa qocalığıma qayıtdım...
P.S. Reallıqda indi sadaladıqlarımın heç biri qalmayıb...
Ağladım...çox ağladım..