Əşrəf Veysəlli : - ÜRƏK AĞRILARI SİLSİLƏSİNDƏN
Gözlər qəm donunda, kədər donunda
Ölən arzulara yas tutacaqsa,
Nifrət qılıncları qorxu qınında
İşləyə bilməyib pas tutacaqsa,
Gələcək nəsillər kövrəklik edib,
Ağılı ürəyə dəyişəcəksə,
Namusu, məsləki, qeyrəti, adı
Bir qarın çörəyə dəyişəcəksə,
Həkimlər min çarə tapsa da belə,
Məhəbbət coşsa da qanda, ilikdə,
Ürək ağrıları qalacaq hələ,
Qalacaq indiki birincilikdə.
Götür-qoy eyləyib hər axşam-səhər,
Seçə bilmiriksə yaxşını pisdən,
Bu ona bənzər ki, bir naşı zərgər
Ayıra bilməyir qızılı misdən.
Min çarə tapılar ağrıya, dərdə,
Sözlə də onları yuxaltmaq olar.
Dünyada ən ağır xəstəni belə
Bir xoş təbəssümün, bir xoş gülüşün
Qayğı şəfəqində sağaltmaq olar.
Qonduqca saçlara illərin izi,
Zaman deməyirsə biz deyənləri,
Sözü sinəmizdə çürüdürüksə,
İncidib, küsdürüb ürəyimizi,
Burdan ağladırıq öz əlimizlə,
Ordan dərman ilə kiridiriksə,
Könül ayrılırsa öz həvəsindən
Şairlər yenə də söz salacaqlar
Ürək ağrıları silsiləsindən.
Nəğmələr, arzular döş hasarında
Ülvilik paltarı geyə bilməsə,
Qovrulub bir ömrün dərdi-sərində,
Dil də öz sözünü deyə bilməsə,
Ədalət əyilməz başını əyər,
O da məruz qalar böhtana, şərə..
Gələcək nəsillər,
Sizdə də əgər
Hörmət olacaqsa əyriliklərə,
Acı həqiqətlər atından düşüb,
Taxta çıxacaqsa şirin yalanlar,
Müqəddəs dünyada ağalıq etsə
Ürəyi bir fındıq boyda olanlar,
Zülmət gecələrdən səhərə çıxıb,
Sağ əl qalacaqsa soldan xəbərsiz,
Yolçular bir yolla səfərə çıxıb,
Yola getməsələr yoldan xəbərsiz,
Düşüb gah çovğuna, gah da ki çənə,
Ya təklikdə qalsaq, ya ikilikdə
Ürək ağrıları qalacaq yenə,
Qalacaq indiki birincilikdə