Əşrəf Veysəlli - NƏ VAR
Olumla ölümün arası yaxın,
Bu yol ayrıcında doğmalar, yadlar.
Yolu asfalt olub qəbirstanlığın,
Nə var o dünyaya köçməyə, nə var.
Dostlar ağır gündə yad eyləyərlər,
Ölənin ruhunu şad eyləyərlər.
Büst də düzəltdirib ad eyləyərlər,
Nə var o dünyaya köçməyə, nə var.
Gəlib gedənlərlə doludur yulu,
Getməyən olurmu görən bu yolu
qəbirstanlıq yolu—qardaş,su yolu,
Nə var o dünyaya köçməyə, nə var.
Duyan bir ürəklə lap son nəfəsdə
Dönüb gülzar olar sənə qəfəs də…
Sürünə- sürünə torpağın üstə,
Nə var o dünyaya köçməyə, nə var.
Orda bağ dərdi yox, otaq dərdi yox,
Ailə qayğısı, uşaq dərdi yox.
Orda Vətən dərdi, torpaq dərdi yox,
Nə var var o dünyaya köçməyə, nə var.
Vurmamış bir ömrü başa dünyada
Çıxsa da cəhdlərin boşa dünyada…
Bacara bilirsən yaşa dünyada,
Nə var o dünyaya köçməyə, nə var?!
1997- ci il.