Elşən Əzim - Qalmadı

Ədəbiyyat 09:30 / 15.04.2026 Baxış sayı: 208

***

Vaxtı bada verdim, havayı getdi,

Sənə veriləsi vaxtım qalmadı.

Olanda xərclədim belədən-belə,

Mən vaxtın evini yıxdım, qalmadı.

 

Hər ayın, hər günün durdum qəsdinə,

Toxundum könlünə, dəydim şəstinə.

Acı günlərimin tutub üstünə,

Vaxtımı nar kimi sıxdım, qalmadı.

 

Qalan bir mən oldum, bir də ki, adım,

Uçdu əllərimdən arzum, muradım.

Vaxtı toplamadım, vaxtı vurmadım,

Böldüm, qalığını çıxdım, qalmadı.

 

Vaxt elə itdi ki, dumanda, sisdə,

Vaxt elə getdi ki, harayda səsdə.

Qoydum əllərimi gözümün üstə,

Boylanıb ardınca baxdım, qalmadı.

Sənə veriləsi vaxtım qalmadı.