Elnur Uğur Abdiyev : - İstəmirəm...

Ədəbiyyat 11:05 / 06.12.2024 Baxış sayı: 1061

İstəmirəm evlər pəncərəsindən yıxılsın,

istəyirəm bütün pəncərələr

Üzü günəşə açılsın.

Qapıları pas tutmasın,

nərdivanlarda tor qurmasın hörümçəklər.

Yox, gülsüzlükdən xəcalət çəkməsin dibçəklər.

Əlsizlikdən büzüşməsin əlcəklər.

Uşaq geyimi mağazalarında,

geyimlər qışqırmasın vitrinlərdə.

Geyimlər də,

deyimlər də,

fərqli- fərqli biçimlər də,

vaxtında sərf olunsun.

Dünya gündə neçə dəfə fırlanır fırlansın.

Nə günahsız yerə biri zorlansın,

nə də hansısa ağ vərəq

mürəkkəb axıntısından korlansın.

İstəyirəm pəncərələrindən gülsün evlər,

qapısında hicran ölsün ayaqların.

Bəşər hicranı öldürdükcə dirilir.

Hər gün

bir qaranlıq otaq pəncərəsi görəndə,

Mənimçün həyatın

fatihəsi verilir.

İstəmirəm dost,

ya düşmənin təkliyini.

Ayrılıq elə çəkir ki tənhalığın tətiyini,

ruhlar kabab olur adamların öz odunda.

Kaş dünyanı sevgi adlı fonda,

çəkəydi rəssamı.

Ömür boyu görəydik damından sevgi damır