Əlizadə Nuri : - Stüardessanın ölümündən əvvəlki səsi...
Stüardessanın ölümündən əvvəlki səsi...
...Sağ çıxdı Hökümənin
taleyi kimi yana əyilmiş saçları,
barmaqları sağ çıxmasa da,
barmağındakı nişan üzüyü sağ çıxmışdı qəzadan.
Qəzadan sağ çıxmışdı Hökümənin səsi...
Ölümün əlləri titrəyirdi Hökümənin
yaxasından tutanda,
Gözəlliyi ilə heyran etmişdi ölümü.
Bu onun son uçuşuydu-
Son uçuş tanrıya olur...
...Tanrının ovcundan düşmüşdü,
buludlar yelpikləmişdi,
Mələklər yumuşdu bu səsi
Ona görə belə sərin idi...
Sərnişinlər qaranlıqadan qorxmasın deyə,
ay işığı süzülürdü bu səsdən...
..."Hər şey yaxşı olacaq" deyirdi,
Hamı yaşamaq istəyirdi-
hamı yüyürüb o səsi öpmək istəyirdi...
...o pislər,
Xəbislər qanadından vurmuşdu bu səsi.
İndi
neçə gündü gözündən qan damırdı tanrının...
Ölümdən əvvəki o səs
Onun son nəfəsiymiş.
Söz kimi doğulan insan,
Səs kimi gedir dünyadan...
...Sular ağlayırdı o səsdən ötrü,
hüzurundan diz çökmüşdü çiçəklər.
Tanrının yanından gəlmişdi o səs
Tanrı yanına da qayıdacaqdı...
...Yox, yox, son uçuşu deyildi bu səsin,
hələ neçə min illər
qanad çalacaqdı bu səs,
Tanrının qucağında...
...Hamı çöldədi-
Fəxri xiyabana aparırlar bu səsi...