Tokayev təyyarə qəzasının hərtərəfli və obyektiv araşdırılması barədə göstəriş verib

Gündəm 13:54 / 28.12.2024 Baxış sayı: 435

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumət komissiyası və Baş Prokurorluğa digər səlahiyyətli orqanlarla birlikdə Aktau yaxınlığında baş verən təyyarə qəzasının hərtərəfli və obyektiv araşdırılmasını təmin etməyi tapşırıb.

Yenises.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, Tokayev bunu müşavirə zamanı bildirib.

O, həmçinin hökumət komissiyasına xəsarət alan xarici vətəndaşlara bütün zəruri tibbi və psixoloji yardımın göstərilməsini təmin etməyi, eləcə də həlak olan Qazaxıstan vətəndaşlarının qohumlarına xüsusi diqqət yetirməyi tapşırıb.

Prezident informasiya təxribatlarının və feyklərin qarşısının alınmasının vacibliyini qeyd edib. Bundan əlavə, o, bütün ölkə üzrə aviasiya təhlükəsizliyinin vəziyyətinin diqqətlə öyrənilməsinin zəruriliyini bildirib.

Müşavirə zamanı hökumət komissiyasının sədri, Baş nazirin müavini Kanat Bozumbayev, Baş prokuror Berik Asılov, Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayev, daxili işlər naziri Erjan Sadenov və səhiyyə naziri Akmaral Alnazarovanın məruzələri dinlənilib.