Elnur Uğur Abdiyev : - Bulvardakı ağacların acığına

Ədəbiyyat 08:45 / 29.12.2024 Baxış sayı: 685

Bulvardakı ağacların acığına

Söyüd əkirəm kəndimizdə.

Söyüdlər salxımlayanda gələrsiz

Kölgəsini dərməyə.

Bulvardakı ağacların acığına

Söyüd əkirəm kəndimizdə

Yolların sağ qollarına,

Sol qollarına.

Salxımlayanda gələrsiz

Havasını nuş edərsiz Bakının acığına.

Bu söyüdlər ki var,

Kölgəsində qumlar dəniz sərinliyidir.

İç nuş elə dostum,

Hələ ki sayır sayğacın.

Neçə ehtiyacın

Avans ödənişidir

Bu söyüdlər.

Qədrini bilməyirlər,

Bulvardakı ağaclara verdikləri qədər

Bunlara pul verməyiblər.

Pul versəydilər,

Kəndimizdə nə əkərdik,İlahi?!

Bu dəqiqə içimdən bir işıq keçir,

Payız rəngində.

Küləklər ehtirasdan alışır

Söyüdlərin bu lüt fəslində.

Bulvardakı ağacların acığına

Elə çıxarır söyüdlər sırğalarını.

Ovur küləyin qabırğalarını bu naz.

Bu söyüdlərin altında dəniz də dayaz.

Külək də həlim,

Bulvardakı akasiyaların acığına

Söyüdü qucaqlayır əlim.