Xatirə Rəhimbəyli : - Yazıb göndərmədiyim məktubları oxudun?

Ədəbiyyat 08:51 / 29.12.2024 Baxış sayı: 730

Yazıb göndərmədiyim məktubları oxudun?

Göründümü gözünə gözə görünməyənlər?

Mən deyilən sözləri dinləmirəm, bilirsən,

Mənə Haqdan agahdır heç vaxt deyilməyənlər.

 

Yalanı yalan olsun, yalan çıxandan bəri

Doğrular qəlbimizin bir küncünə sıxıldı.

Qazıdı ayağının altını yalan sular,

Arxa dayadığımız uca dağlar yıxıldı.

 

Ah, necə sevinclərin oyununa qoşulum,

Qaldı ürəkdə həsrət, ovuldu gözlərdə kam.

Bütün başqa arzular pərvazlandı, nə olsun,

Yay-qış boş yuvasında inləyir sevgi nakam.

 

Ayrılıq haqdı, billəm, yox tutarlı bir səbəb

Bu qəlbimi zəbt edən həsrəti daşlamağa.

Yaz ömrü həsrətinin səhrasında bitirdim.

Azacıq yer olarmı qəlbində qışlamağa?

 

Yazıb göndərmədiyim məktubları oxudun?

Göründümü gözünə gözə görünməyənlər?

Mən deyilən sözləri dinləmirəm, bilirsən,

Mənə Haqdan agahdır heç vaxt deyilməyənlər...