GÖYNƏR XATİRƏLƏR - Əl\əddin Əzim
Kaş
o vaxtki tək
İyirmi-iyirmi beş yaşım olaydı.
Atalar demiş:
"Bir əlim,
bir başım olaydı."
O şəhərə uçmaq üçün biletim,
orda
yolumu həsrətlə gözləyən
köhnə həmdəmim,
məni
hər an gözləyən, soraqlayan
sevimli
sirdaşım olaydı.
Ötənləri yad edib
düşünəydim doyunca.
Bizim "Tarqovi"ni xatırladan
"Starıy Arbatda"
əlimdən bərk-bərk tutan
o illərin
doğma, əziz istəklisiylə
yorulunca gəzəydim...
Səs ver səsimə,Tanrı,
yetiş dadıma.
Fikrimi, xəyalımı
o yerlərə-
uzaqlara aparma.
Qəlbimi
göynədən xatirələri
tez-tez
salma yadıma...