Əlizadə Nuri - Hamı çıxır su üzünə
Hamıdan çıxıb gedəsən,
Gedəsən çox uzaqlara.
Yer üzünü tapşırasan
O balaca uşaqlara...
Götürəsən qələmini,
Son şeirinin varağından.
Hərdən əyilib öpəsən
Çiçəklərin yanağından.
Bir qız çıxa yolun üstə,
O ağlaya, yol ağlaya.
Gedəsən itən günəşi
Soraqlaya-soraqlaya...
Axşam aya qol açasan,
Qaranlığın inadına.
Yorulanda baş qoyasan
Bir göyərçin qanadına...
Tənhaların yığıldığı,
İzdihama yeriyəsən.
Gözlərindən ay işığı
Dama-dama yeriyəsən...
Dalğaları çevirəsən,
O üzünə, bu üzünə.
Bat, ya batma, nə fərqi var-
Hamı çıxır su üzünə...
...Qoy arxanca danışsınlar:-
Hara getdi, nəyə getdi?
Bir uşaq göyü göstərə-
Allahı görməyə getdi...