Əbülfət Mədətoğlunun  " ANA"  şeirinin BƏDİİ TƏHLİLİ

YAZARLAR 10:55 / 24.04.2026 Baxış sayı: 283

 

 

24.04.2024

Rəqəmlərin düzümü

Güldürmədi üzümü...

Yetim gördüm özümü -

Bu tarixdə!..

***

Mən ağrıyan ürəyimi bükməyə

Bəbəyimin ağırlığın tökməyə...

Əynimdəki təkliyimi sökməyə -

Özünü gəzirəm , ana...

 

Saymaq üçün saçlarının ağını

Ovutmaqçün ürəyinin dağını...

Bizim üçün əritdiyin çağını -

Gözünü gəzirəm, ana!

 

Bilirəm ki, qəribsəyib qucağın

Böyüsə də bığ, saqqallı uşağın ...

Evimizdə sən yandıran ocağın -

Közünü gəzirəm, ana...

 

İki il də mən də yüz il qocaldım

Sənsiz yaşamağı hətta bacardım?!

Yenə qayıdıbdı köhnə başağrım -

Dizini gəzirəm, ana!

 

Qaçqın talehinin acısın içən

Olmadı rahat bir gündüzün, gecən...

Baxıram hər yerə - ağlımdan keçən -

İzini gəzirəm, ana....

 

Solğun şəkilinə, nimdaş örpəyə

Ümidli qalmışam indi gör nəyə?!

Oğul ürəyiylə səni öpməyə-

Üzünü gəzirəm, ana!

 

Sığınmağa həminki o ülfəti

Boğmaq üçün ruhumdakı xiffəti...

Kiritməkçün, ağlayan Əbülfəti -

Sözünü gəzirəm, ana!

 

 

 

Şeirin Bədii Təhlili:

Əbülfət Mədətoğlunun "Ana" şeiri itki acısının və sonsuz övlad nisgilinin misralara köçmüş kədərli mənzərəsidir.

24 aprel 2024-cü il tarixində yazılan bu nümunə ana itkisindən sonra yaşanan ruhsal boşluğu və tənhalığı bədii dillə ifadə edir. Şeirin əsas mövzusu ana itkisi və bu itkidən doğan mənəvi sarsıntıdır.

Müəllif anasının fiziki yoxluğu ilə barışa bilmir, onu hər yerdə – xatirələrdə, evin künc-bucağında, hətta öz ağrılarında axtarır. Şeirin ideyası insanın neçə yaşında olmasından asılı olmayaraq, anasız özünü "yetim" və müdafiəsiz hiss etməsidir. Müəllif "böyüsə də bığ-saqqallı uşağın" ifadəsi ilə göstərir ki, ana üçün övlad həmişə uşaqdır və övladın ən böyük sığınacağı ana dizidir. "İki ildə yüz il qocalmaq" mübaliğəsi kədərin ağırlığını və zamanın ana yoxluğunda necə dözülməz keçdiyini vurğulayır.

 "Əynimdəki təkliyimi sökməyə", "ürəyinin dağını ovutmaq" kimi ifadələr daxili aləmin mənzərəsini yaradır.  "Qaçqın talehi", "nimdaş örpək", "solğun şəkil" kimi təyinlər həm sosial-tarixi fonu, yəni qaçqınlıq taleyi, həm də nostalji hissləri gücləndirir.  Hər bəndin sonunda işlənən "gəzirəm, ana" rədifli müraciət şeirə həm ritmik ahəng verir, həm də lirik qəhrəmanın çarəsiz axtarışını sarsıdıcı şəkildə çatdırır. Şeir olduqca səmimi, xalq dilinə yaxın və axıcıdır. Müəllif "köz", "diz", "iz", "söz" kimi sadə, lakin doğma anlayışlarla ananın evdəki və ruhdakı yerini bərpa etməyə çalışır. Allah rəhmət eləsin!

Sevil Azadqızı 24.04.2026