Aləmzər Sadıqqızı - Bir ayrılıq var...
Bir az ürəyinə,bir az gözünə,
Yığ məni özünlə apar, nə olur...
Üzünə baxanda bilirsənmi heç,
Nədən gözlərimə yağışlar dolur?
Sənsiz boşalacaq bəlkə bu dünya,
Bəlkədə güləcək taleyin üzü.
Nə öz ürəyimə əllərim yetmir...
Nə də sənə çatmır sözümün gücü.
Hələ də bilmirsən hayana getsən,
Mənim gözlərimdən keçib gedərsən.
Yumub gözlərimdən tökərəm səni,
Qayıdıb dünyaya təzdən gələrsən...
Nə deyim yolundan saxlayım səni,
Sənə söz verməyə bircə ümid yox...
Nə yazıq hər şeyi bu bol dünyanın,
Azarı-bezarı sevincindən çox...
Getsəndə ölümdü, qalsanda ölüm,
Çətini özündən gedənəcəndi...
Səninlə mənim də xoşbəxtliyimiz...
Ölüb bu dünyaya gələnəcəndi.
Səndən mənə qalan bircə əmanət...
Gözümü sildiyin bircə yaylıq var.
Ölümdən qorxmuram, ölümdən çətin,
Əlimə verdiyin bir ayrılıq var!
17.5.2016.