Ayaz Arabaçı - uzaq illərdən..
Alma çiçəkləri yadındadımı,
Çiyninə əyilən budaqlar necə..
Başını söykəyib daş balınclara,
Hönkürüb ağlayan bulaqlar,necə..
Necəydi aldığın birinci məktub,
Yadına düşürmü o hekayələr.
Nədən danışırdı şehli güllərin,
Çiçəyi üstəki qızıl ayələr.
Ürəyin əvvəlki odundadımı,
Alma çiçəkləri yadındadımı..
O uzaq aprelin,o uzaq mayın,
Ayaz gecələri yadındadımı,
O yaz gecələri yadındadımı...
Gözlərin alışan iki şam kimi,
Oynardı ruhumun hər civəsində.
Qoşa şəklimizi çəkib bulaqdan,
Asardıq göylərin çərçivəsindən.
Sular şirin-şirin gümüldəyərdi..
Əllərin uşaqtək inildəyərdi.
Dinərdin dilində bal pətəkləri,
Yatmağa qoymazdıq donundakı o,
Yalançı-doğurçu kəpənəkləri..
Öpərdim arada gizlicə xəlvət..
Qalıb yox,
yadında qalıbdı əlbət..
Adam o günlərdən ayrıla bilmir,
Ana söyüşütək ağırdı həsrət.
Bəzən elə olur,elə olur ki,
Birillik xatirə bir günə yetmir..
Deyirdin siqaret çəkəndə öpmə,
Üstümdən bir həftə iyisi getmir..
Payızdan bahara qatar gözləyən,
Keçmiş əhvalatlar yadındadımı..
Qaloşu palçıqlı,önlüyü kirli,
O sözbaz arvadlar yadındadımı.
Alma çiçəkləri yadındadımı,
Çiyninə əyilən budaqlar necə..
Başını söykəyib daş balınclara,
Hönkürüb ağlayan bulaqlar,necə..