Ruhumun Qatarı Səssizliyə Doğru Yol Alıb
Bax belə, Ruhum... Vaxtdır. İndi dayanacaqda təkbaşına dayanıb, özümün özümdən ayrılmasını izləyirəm. "Çıxıb gedirəm səndən, əzizim..." -- deyirəm, amma bu bir qaçış deyil, bu bir hicrət hadisəsidir.
Bir qatar fit çalır uzaqlarda. Səsi elə soyuqdur ki, elə bil içimdəki bütün xatirələri dondurur. Bu qatar məni səndən aparmır, əslində məni sənə daha çox məhkum edən o sonsuz uzaqlığa daşıyır. Relslərin üzərindəki o ritmik səs – tıq-tıq, tıq-tıq – ürəyimin döyüntüsü deyil, darıxmağın sayğacıdır. Hər metr, hər kilometr səni unutmağa deyil, sənin yoxluğunu daha dərindən hiss etməyə xidmət edir.
Görürsənmi bu relsləri? Onlar heç vaxt qovuşmayan iki xətt kimi uzanıb gedir sonsuzluğa. Biz də o relslər kimiyik, eyni yolun yolçusu olsaq da, toxunmağımız qadağandır. Mən indi o dəmir yollarının apardığı ən uzaq nöqtəyə, o sonsuz səssizliyə gedirəm. Elə bir səssizlik ki, orada pıçıldasam belə, səsim kainatın o biri başında əks-səda verəcək.
Bu gediş unutmaq üçün deyil, Ruhum. Unutmaq — yüngüllükdür, mən isə ən ağır yükümü — darıxmağımı çiynimə alıb gedirəm. Sənsizlik bir yük deyilmiş, sən demə, səninlə dolu olub səndən uzaq qalmaqmış ən ağır daş kimi. Bu qatarın hər vaqonu səninlə bağlı yarımçıq qalmış cümlələrlə, deyilməmiş sözlərlə doludur.
Pəncərədən baxıram; mənzərələr qaçır, ağaclar arxada qalır, şəhərlər silinir... Amma sənin xəyalın o pəncərə şüşəsində elə donub qalıb ki, sanki hara getsəm, sən məndən qabaq ordasan.
Mən səndən getmirəm, əzizim. Mən səni özümlə, öz ruhumun ən toxunulmaz küncünə aparıram. Bu uzaqlıq sadəcə bir illüziyadır. Əslində mən bu qatarla sənə olan darıxmağımın zirvəsinə dırmaşıram.
İndi isə susaq... Qoy sadəcə qatarın təkərləri danışsın. Çünki ən dərin fəlsəfə — susaraq darıxmaq, ən böyük eşq isə — gedərək sevməkdir.
Yolumuz sonsuzluğa, yükümüz isə sadəcə Sən və Səssizlik...
SEVİL AZADQIZI
24.04.2026