Əlizadə Nuri : -Allah məni bağışlasın...
Allah məni bağışlasın...
Yandım, amma kül olmadım -
Qoy ah məni bağışlasın.
Bu günahı sən bağışla,
Günah məni bağışlasın.
Çağırmadın...qadın, bəlkə
Yaddan çıxıb adım bəlkə?
Sabaha çıxmadım bəlkə-
Sabah məni bağışlasın.
Ətrini gülə atmışam,
Dərdimi günə atmışam...
Bir quşa güllə atmışam-
Məni bağışlasın o quş,
Silah məni bağışlasın.
Baş yıxılıb, bədən qalıb,
Dərdimiz bir çətən qalıb...
Arada bir vətən qalıb-
Mən o şahı bağışlayım,
O şah məni bağışlasın.
İsidərmi bu şam səni?
Səhər məni, axşam səni.
Hər gün bir az böyüdərək,
Göyə qaldırmışam səni-
Allah məni bağışlasın..