Ələsgər ƏLİOĞLU : - QUZĞUNUN NAĞILI
("Böyüklər üçün uşaq şeirləri" silsiləsindən)
Bu yerlərin öz quzğunu var,
Harda leş görərsə tezcə cumar...
Yığar böyür-başına,
Ala qarğaları, qara qarğaları...
Çəkər leşə sarı...
Deyər bir nəsildən, bir kökdənik ,
Gəlin yaxın.
Mən leşə cumuram,
Siz fırfıra kimi
fırlana-fıtlana ətrafa baxın...
Qoymayın çox çıxsın səs-küyü,
Qorxmayın,
Axırda bu leşdən
Sizə də çatacaq sür-sümüyü...
Bu yerin altı da, üstü də leşdir,
İtiləyin caynağınızı.
Mən doyandan sonra
Siz də qalarsınız razı-
Qalmazsınız tamarzı...
Yuva da alarsınız
İstambulda,
Dybayda...
Lazım gəlsə
Lap bank hesabı da açdırarsınız
Marsda , Ayda!..
27.12.2024