Şakir Xanhüseyn : - SƏBİR DAŞI ADAM

Ədəbiyyat 08:38 / 17.03.2025 Baxış sayı: 499

 

(dərdli adam üçün saqa)

Səbir daşısanmı, adam;

səbir daşı olanlar çoxdu,

ancaq

onlar- səbir daşı olanlar

yaramaz bir dam tikməyə...

Fikrə gedib

dağı arana,

aranı dağa daşıyırsan...

hal-xətir soruşuram da:

-yaxşısanmı, adam?

Səbir daşısan, səbir,

anla bir;

belini qatla,

amma diz qatlama,

dizini qatlama...

Adla,

yürü yürüdüyün yoldan,

fərqində ol ki,

sənə daş dəyir hardan...

Bilirəm, dözümdə

naşı deyilsən, adam,

göz yaşların üzünə,

kədər, qəm gözünə yad deyil;

ya dərdsiz, qəmsiz

bu həyat həyat deyil?

Dərdlə dərin adamsan,

varsa dərdin, adamsan, adam,

adam kimi adamsan...